Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb - Baş Prokurorluq

Ermənistanın Silahlı Qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 15.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşayış evlərinə isə ciddi ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.