Prezident: İşğaldan azad edilmiş şəhər və kəndlərmizin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik

Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizdəki binalar dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb.

Prezidenti İlham Əliyev bu barədə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən bildirib.

“Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.