Milli Məclisin növbəti plenar iclasında 6 məsələ müzakirəyə çıxarılacaq 

Milli Məclisin növbəti plenar iclası noyabrın 24-da keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasın gündəliyində 6 məsələ müzakirə olunacaq.

Deputatlar Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş), “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinə səs verəcəklər.

İclasda, həmçinin daha iki məsələ - “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılacaq.