Teymur Rəcəbov “Airthings Masters” turnirində prinsipial rəqiblə həlledici mərhələdə mübarizə aparacaq

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçı keçirilməklə qalib müəyyənləşəcək.

Nəinki Azərbaycan və Ermənistan, eləcə də dünya ictimaiyyətinin maraqla izlədiyi final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla mübarizə aparacaq. Hər iki şahmatçı əla formadadır və bu da mübarizənin daha gərgin və maraqlı keçməsi üçün zəmin yaradır. Sevindirici haldır ki, artıq birinci matçda şahmatçımız rəqibini 2,5:1,5 hesabla məğlub edib. Belə ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən təmsilçimiz dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

KİV-lərdə verilən məlumata görə, hər iki şahmatçı matçın ağır keçdiyini etiraf ediblər. Şübhəsiz, bu nəticə həlledici matçdan əvvəl təmsilçimizə psixoloji üstünlük verib.

Ümumiyyətlə, Azərbaycan və Ermənistan təmsilçilərinin qarşılaşdığı final matçının böyük maraq kəsb edəcəyi əvvəlcədən aydın idi. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra T.Rəcəbov və L.Aronyan artıq üçüncü dəfə qarşılaşırlar. Belə ki, noyabrın 23-də "Skilling Open" onlayn turnirdə şahmatçımız erməni rəqibini məğlub edib. Dekabrın 30-da isə məhz bu turnirin qrup mərhələsi çərçivəsində şahmatçılar arasında baş tutan qarşılaşma heç-heçə ilə bitib.

Xatırladaq ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Bu gün başa çatacaq turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.