“Heydər Əliyev İli” münasibətilə “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında “Heydər Əliyev İli” münasibətilə “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsi elan edir.

Bu barədə Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsini, təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir. Müsabiqə, həmçinin filologiya və jurnalistika fakültələrində təhsil alan tələbələrdə tədqiqatçılıq bacarığını üzə çıxarmaq, ədəbi dil normalarına riayət etmək və onlarda düzgün yazı vərdişlərini inkişaf etdirmək məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə görə yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir, hər müəllif yalnız bir yazı ilə iştirak etməlidir. Yazının tərtibinə qoyulan tələblərlə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin feysbuk səhifəsində tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər yazının elektron variantını 2023-ci il yanvarın 5-dək [email protected] ünvanına göndərə bilərlər. Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.