Sergey Lavrov: Azərbaycanın razılığı olmadan Avropa İttifaqının missiyasının yerləşdirilməsi əks nəticə verə bilər

Ermənistan ilə Azərbaycanın sərhədində Azərbaycanın razılığı olmadan Avropa İttifaqının missiyasının yerləşdirilməsi əks nəticə verə bilər.

RF xarici işlər naziri Sergey Lavrov bu fikri 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.

Nazir MDB-də və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) xarici siyasət məsələlərinə dair fikir ayrılıqları barədə sualın cavabında qeyd edib ki, hazırda Ermənistanda mürəkkəb vəziyyət yaranıb. Erməni tərəfi Azərbaycan ilə sərhəddə sabitliyin təmin olunması üçün oraya KTMT-nin missiyasının göndərilməsini zəruri hesab edir.

Rusiya XİN rəhbərinin sözlərinə görə, missiya tam hazır vəziyyətdədir, lakin erməni tərəfi bu məsələni Avropa İttifaqı ilə razılaşdırmağı üstün tutur. Nazir deyib: “Əgər həmin missiya Azərbaycanın razılığı olmadan yerləşdirilsə, o, əks nəticə verə bilər. Bu missiya sərhəddə etimadı möhkəmləndirmək əvəzinə əlavə qıcıq yaradacaq”.//AZƏRTAC