İranla dövlət sərhədini pozan şəxsdə 7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Fevralın 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən bir naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyənləşdirilib, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf edib.

Onun üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə marixuana, 0.005 qram heroin, 0.005 qram metamfetamin, 10 ədəd “Metadon M-40” həbi, şəxsi istifadəsi üçün bir büküm tiryək və iki büküm marixuana aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.