Ağdamda raketin ballistik qapağı tapılıb

Ağdamda 1 ədəd təlim məqsədli raketin ballistik qapağı tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)  verilən məlumata görə, 2019-cu il 28 May tarixində saat 16:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Əfətli kəndi ərazisində minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli raketin ballistik qapağı (tərkibində heç bir partlayıcı maddə olmayan) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim məqsədli raketin hissəsinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 may 2019-cu il tarixlərində 112 siqnal (əməliyyat çağırışı) əsasında 99 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Lənkəran, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,602 ədəd partlamamış hərbi sursat (PHS), 16,236 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 7 ədəd tank əleyhinə mina və 29 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 122,925 kv.m ərazi yerüstü və 8,292 kv.m ərazi yeraltı yoxlanılıb.