Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb

Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasında ölənlərin sayı 4-ə çatıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 7-si saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.


"Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.