Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Diplomat bu barədə rəsmi "X" səhifəsində yazıb.
“Azərbaycandan həyati əhəmiyyətli enerji avadanlıqları artıq Ukraynaya göndərilib - transformatorlar, 186 kilometr elektrik kabeli və avadanlıqla yüklənmiş 10 yük maşını.
Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına həmrəyliyə, eləcə də qətiyyətli dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”, - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan Respublikasından Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarının növbəti partiyası Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib. Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.//Trend

