Dövlət Komitəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə dəyirmi masa təşkil edilib.

Komitədən Yerveinsan.az-a bildiriblər ki, işğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya, məcburi köçkünlük və qaçqınlıq problemlərinin həllində beynəlxalq təcrübə məsələlərinə həsr olunmuş tədbir Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun moderatorluğu ilə keçirilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Azərbaycanda qaçqınlıq və məcburi köçkünlüyün tarixi kökləri, ötən əsrin sonlarında Ermənistanın apardığı deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətindəki uzunmüddətli diplomatik və hərbi-siyasi fəaliyyətin yekunları, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış vəziyyət, qaçqınların və məcburi köçkünlərin geri dönüşü üçün görülən tədbirlər barədə ətraflı danışıb.

Prezident İlham Əliyevin sosial siyasətində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə prioritetlik verildiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.

Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin doğma yurda könüllü, təhlükəsiz və ləyaqətlə qaytarılması, reinteqrasiya proseslərinin səmərəli aparılması, qaçqınların hüquqlarının müdafiəsi və geri dönüşünün beynəlxalq prinsiplər çərçivəsində təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulub. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr həyata keçirilir, bu yerlərin ən abad və gözəl yerlərə çevrilməsi üçün bütün zəruri tədbirlər görülür.

İşğal dövründə və sonradan Azərbaycan ərazilərinin ermənilər tərəfindən minalanmasının qayıdış prosesini ləngitdiyi qeyd olunub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan indiyə qədər ümumilikdə 298 nəfər mina terrorunun qurbanı olub, onlardan 54 nəfər həyatını itirib. Ərazilərin minalardan təmizlənməsinə BMT İnkişaf Proqramının, Böyük Britaniyanın töhfə verdiyi diqqətə çatdırılıb.

Bohum Universitetinin (Almaniya) Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze ölkəmizə səfərinin məqsədi haqqında məlumat verdikdən sonra işğaldan azad edilmiş Şuşa şəhərində olduğunu, burada işğalın nəticələrini, həmçinin Azərbaycan dövlətinin apardığı bərpa və yenidənqurma işlərini gördüyünü, insanların geri qayıdışı üçün imkan yarandığını və dövlətin çox böyük vəsaiti hesabına orada irimiqyaslı işlər görüldüyünü bildirib. Alman alim ölkəmizə postmünaqişə dövrünün çağırışları və işğalın hüquqi nəticələri barədə fikirlərini bölüşüb, bu sahədə apardığı tədqiqatların beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət etdiyini vurğulayıb. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqət çəkən alim bildirib ki, bir çox humanitar təşkilatların iştirakı ilə işçi görüş keçirilməli, geri qayıtmağa hazırlaşan iki nəslin – yaşlıların və gənclərin köçməyə can atdığı, amma mina təhlükəsinə görə gedə bilmədiyi diqqətə çatdırılmalıdır.

Şimali Karolina Universitetinin (ABŞ) professoru, əslən Qərbi Azərbaycandan olan Əli Əsgərov soydaşlarımızın öz tarixi torpaqlarından deportasiyasının bir neçə mərhələdə aparıldığını qeyd edərək, öz ailə üzvlərinin də bu soyqırımı siyasətindən əziyyət çəkdiyini bildirib, qaçqınlıq probleminin həllinin beynəlxalq və nəzəri aspektləri barədə fikirlərini bölüşüb.

Tədbir iştirakçıları qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların repatriasiyası və reinteqrasiyası ilə bağlı dünyada mövcud olan təcrübə və beynəlxalq hüququn prinsiplərinə əsasən geri qayıdışının təmin edilməsi ətrafında fikirlərini bildiriblər. F.Hüseynov dəyirmi masada səsləndirilən rəy və mülahizələrin əhəmiyyətini qeyd edib, Böyük Qayıdışın və reinteqrasiyanın səmərəli təşkilində beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin əhəmiyyətli olduğunu bildirib.

Xatırladaq ki, professor H.Y.Hainzenin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı monoqrafiyası 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi məlum qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr olunub.