AQTA ilə Moldova Milli Qida Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Moldova Respublikasında səfərdə olub.

Səfər çərçivəsində agentliyin sədr müavini Balarəhim Quliyevin və Moldova Respublikasının Milli Qida Agentliyinin baş direktoru Radu Musteatanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi, bu sahədə gələcəkdə mütəxəssis mübadiləsinin həyata keçirilməsi, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş idxal-ixrac əməliyyatları ilə bağlı yeniliklər barədə məlumat verilib. Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələri üzrə fəaliyyət göstərən laboratoriyalar arasında əməkdaşlıq, elektron fitosanitar sertifikatların, qida təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarət sisteminin tətbiqi, qida təhlükəsizliyi nəzarət məntəqələrində işin təşkili ilə əlaqədar təcrübə mübadiləsi imkanlarının yaradılması sahəsində müzakirələr aparılıb.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi bərabərlik və qarşılıqlı faydalılıq prinsipləri əsasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığı həyata keçirmək və inkişaf etdirmək, tərəflər arasında “tarladan süfrəyədək” prinsipinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal səviyyədə təhlükəsizliyini təmin etməklə azad və maneəsiz ticarətə dəstək verməkdən ibarətdir.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Kişinyovdakı səfiri Qüdsi Osmanov iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinin idxal-ixrac prosedurlarının sadələşdirilməsinə, qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Moldova Milli Qida Təhlükəsizliyi Agentliyinin baş direktoru Radu Musteata AQTA-nın idxal-ixrac əməliyyatları və bu sahədə tələblər, həmçinin digər ümumi maraq doğuran sahələrdə təcrübə mübadiləsinə marağını yüksək qiymətləndirib.

Nümayəndə heyəti feromon tələ istehsal edən müəssisəyə, kəsim məntəqəsinə və laboratoriyalara səfər edərək təcrübə mübadiləsi aparıb.