İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxslər tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı qohumlar, Beyləqan rayon sakinləri – əvvəllər məhkum olunmuş İlqar və İbrahim Quliyevlər saxlanılıblar. Şəxsi axtarış zamanı İbrahim Quliyevdən bükümlərdə psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Sonuncunun idarə etdiyi “KIA” markalı avtomobil baxış keçirilən zaman isə 1 kiloqram 50 qram metamfetamin, 1 kiloqram 100 qram qurudulmuş marixuana və 510 qram heroin aşkarlanıb.

Saxlanılan şəxslər istintaqa verdikləri ilkin ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları iranlı narkotacirdən satış məqsədilə əldə etdiklərini və pul müqabilində Ağsudan paytaxta aparmaq istədiklərini bildiriblər.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.