Xalq artisti Rasim Balayevin əziz xatirəsinə pritça ithaf olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” tədbirləri çərçivəsində kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayevin əziz xatirəsinə “Səni belə tez gözləmirdim...” adlı pritça ithaf etdi.
Xalqın sevimlisi Rasim Balayevin vəfatı bütün Azərbaycanı sarsıtdı. Gülarə Munisin onun xatirəsinə yazdığı qeyri-adi pritçada bir anlıq düşündü ki, ola bilər Nəsiminin obrazını yaradan Rasim Balayev haqqın dünyasında həqiqi Nəsimi ilə görüşsün. Və müəllif bu görüş səhnəsini qələmə aldı. Gələn Ağgeyimli böyük aktyor Rasim Balayev, qarşılayan Ağgeyimli isə dahi şairimiz İmadəddin Nəsimidir.
Pritça oxuculara olunur.
Səni belə tez gözləmirdim...
(Xalq artisti Rasim Balayevin əziz xatirəsinə ithaf)
Pritça
Səhərin alaqaranlığı idi...
Yamyaşıl ağaclarla əhatələnmiş bir məkan. Ağaclar xəfif mehdən yırğalandıqca ətrafa xoş bir rayihə yayılırdı. Haradansa, uzaqdan axan çayların şırıltısı eşidilirdi.
Hər tərəf əlvan gül-çiçəyə bürünmüşdü. Müxtəlif rəngli, müxtəlif çeşidli güllərin görkəmi və ətri buranın sakinlərini məst etməkdə idi. Cərgə ilə sıralanmış xurma ağaclarının barı budaqları o qədər əymişdi ki, budaqlar yerlə pıçıldaşırdı.
Allahın yaratdığı möcüzələr aləmi, bəlkə, elə bura idi... Bir tərəfdə bəmbəyaz, ağ qanadlı mələklər ağacların arasında gəzib-dolaşırdı. Səmada uçan quşlar yerdə çəmənlikdə gəzən quşlarla sanki bəhsə girmişdi, onların cəh-cəhi ətrafa yayılırdı.
Yaşıl otlarla örtülmüş cığırla ağ geyimdə olan bir kölgə aramla addımlayırdı. Diqqətlə baxanda onun ayaqları yerə dəymirdi. Kölgə sanki su üzərində şütüyürdü. Onun heç ayaq izləri də görünmürdü. Uzaqdan uca minarədən azan səsi eşidildi. “Allahu-Əkbər, Allahu-Əkbər” səsi dalğa-dalğa ətrafa yayılırdı...
Bu vaxt daha uzaqdan bir səs də eşidildi: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam!” Səs getdikcə yaxınlaşırdı, sanki kimi isə səsləyirdi, bu səs... Hündür xurma ağaclarının arasındakı ensiz cığırla yeriyən Ağgeyimli heyranlıqla ətrafa baxırdı. Nədənsə bu yerlər ona heç tanış gəlmirdi. Sonra birdən o, xatırladı: Buranı dəfələrlə yuxuda görmüşdü. Amma bura hara idi? Anlaya bilmirdi.
Fikrini toplamağa çalışanda başqa bir Ağgeyimlinin arama, ağır addımlarla ona tərəf gəldiyini gördü. Onun kimliyini bilmək üçün üzünə baxmaq istədi, amma gözü qamaşdı...
Ağgeyimli ona yaxınlaşıb dedi:
– Yeni məkanın mübarək olsun, Nəsimi! Səni belə tez gözləmirdim!..
Birinci Ağgeyimli heyrətlə dedi:
– Mən Nəsimi deyiləm, mən Rasiməm! Bəs sən kimsən?
İkinci Ağgeyimli cavab verdi:
– Mən Rəbbimin quluyam! O, məni xəlq etdi, mən yaşadım, yaratdım, amma mənim kimliyimi, Rəbbimə necə bağlı olduğumu görə bilməyən zəmanə nadanları məni edam etdi! Onlar bilmədi ki, Xəlq edən daha bir insan yaradacaq və o, mənə yenidən can verəcək. Məni zəmanəsinə, sonra dünyaya gələnlərə tanıdacaq və sevdirəcək!
Birinci Ağgeyimli yalnız indi başa düşdü ki, qarşısında olan Seyyid İmadəddin Nəsimidir! O, uca səslə: “Ustad!” –deyib dizüstə çökdü və qarşısında olan Ağgeyimlinin əlini öpdü. Dizüstə çökən hönkürür, ayaqüstə olan ona təsəlli verirdi:
– Çox tez gəldin, bizim dünyamıza...
Səni belə tez gözləmirdim...
Sən hələ yaşamalı idin...
Qalx ayağa! Nəsimi Nəsimini belə görmək istəməz! Sən elə bir zirvədəsən ki, o zirvəni fəth etmək hər kəsə nəsib olmaz.
Ağgeyimli ayağa qalxdı. Onlar çiyin-çiyinə yaşıl otlarla örtülmüş cığırla irəliləməyə başladılar. Bir tərəfdə böyrü üstə yıxılmış bir dar ağacı var idi. Ağ geyimli ustaddan soruşdu:
– Bu nədir? Burada dar ağacı haradandır?
Ustad Nəsimi buyurdu:
– Bu həmin dar ağacıdır ki, məni edam edib, dərimi soymuşdular. O nadanlar bilmədi ki, məni asdıqları dar ağacının da məkanı cənnət olacaq!..
İki Ağgeyimli doğma adamlar kimi bir-birinə sığınıb xurma ağaclarının arasında yox oldular...

