Kitablar səltənətinin inciləri: Cəlil Məmmədquluzadə “Ölülər”

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası və böyük ədib Cəlil Məmmədquluzadənin 160 illik yubileyi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi uğurla davam edir. Təqdim olunan ədəbi incilər izləyicilərin böyük marağına səbəb olur.

İzləyicilərə növbəti incilərin müəllifi, görkəmli dramaturq və nasir Cəlil Məmmədquluzadə haqqında qısa məlumat verilir.

 Videoməlumatda  bildirilir ki, tanınmış Azərbaycan yazıçısı, kiçik hekayənin böyük ustadı, ədəbiyyatımızda tənqidi realizmin banisi Cəlil Məmədquluzadə həyat hadisələrindən yararlanıb onları bədiiləşdirərək qələmə alıb. Yazıçının “Poçt qutusu” hekayəsində  kənddən xan üçün pay gətirən Novruzəlinin halı ilk baxışda gülməli görünsə də, avamlığı ucundan başına hadisə gəlir.  O, qorodovoyu döydüyünə görə 3 ay həbsdə yatmalı olur. Bir qəpiyə yayın istisində buz alıb xalasına dərman kimi aparan “Buz” hekayəsindəki uşaq da onu xalasına çatdıra bilmədiyindən peşmançılıq çəkir. “Pirverdinin xoruzu” hekayəsində savadsızlıq, mövhumat, insanların xurafata kor-koranə inanması tənqid olunur. “Hamballar” əsərində isə ağır zəhmət çəkən, amma əməyinin qarşılığını ala bilməyən hambalların həyatı təsvir olunur. Yazıçı sosial ədalətsizliyi, yoxsul insanların acınacaqlı vəziyyətini satira ilə göstərir. “Saqqallı uşaq” hekayəsində uşağın saqqal saxlaması üzərindən cəmiyyətin zahiri görünüşə aldanması və riyakarlıq tənqid edilir. “Fatma xala” əsərində isə savadsız, köhnə düşüncəli qadın obrazı yaradılır.

İzləyicilərə təqdim olunan “Ölülər” komediyasında dini fanatizm və mövhumat əks olunur, cəhalət, gerilik, avamlıq və nadanlıq cəmiyyətin bəlası kimi göstərilir, yalan və fırıldaqçı ruhanilər ifşa olunur. Yazıçı Şeyx Nəsrullahı bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obraz kimi göstərir. Əsər ilk dəfə 1916-cı ildə Bakıda, sonralar isə Şərq ölkələrində, Təbriz, Dərbənd, Buxara, Səmərqənd, Orenburq, Kazan, Tiflis, İrəvan teatrlarında səhnəyə qoylumuşdur. “Ölülər” haqqında böyük bəstəkar Üzeyir Hacıbəyli demişdir: ““Ölülər” baltanı dibindən vuran bir pyesdir”.      

 C.Məmədquluzadəni oxuyaraq keçən əsrin əvvəllərinə qədərki və sonrakı dövrlər barədə maraqlı məlumatlar əldə etmək olar.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Cəlil Məmmədquluzadənin 160 illik yubileyi ilə əlaqədar yazıçının əsərlərindən ibarət kitab sərgisi də təşkil olundu.

Yazıçı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Şahzadə İldırım izləyicilərə “Ölülər” komediyasından bir parçanı təqdim edir: