İlhamə Qəsəbova: Qazax aşıqlarının yaradıcılıq inkişafında XIX əsr xüsusi mərhələ təşkil edir

Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında Qazax mahalının da xüsusi yeri var. Daha çox aşıq sənəti ilə tanınan Qazax mahalı saza-sözə bağlılığı ilə fərqlənən sənət mərkəzlərindəndir. Əsasən XIX əsrdən etibarən intensiv inkişaf mərhələsinə qədəm qoyan və XX əsrdə öz zirvəsinə çatan Qazax aşıq ədəbiyyatı haqqında 1930-cu illərin mənbələrində dəyərli məlumatlara rast gəlinir. Bu fakt bölgədə aşıq mühitinin artıq həmin dövrdə yetkin bir mərhələyə çatdığını göstərir.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın Qazax aşıq mühiti ilə bağlı yazısında yer alıb. Yerveinsan.az AZƏRTAC -a istinadlahəmin yazını təqdim edir.

Qazax aşıq mühiti Gəncəbasar, Borçalı, Qarabağ və Dərələyəz aşıq mühitləri ilə sıx sənət əlaqələri şəraitində formalaşan, qarşılıqlı təsir nəticəsində zənginləşib. Bu mühitə Gədəbəy və Kəlbəcər bölgələrinin aşıq sənətinin də daxil edilməsi daha məqsədəuyğun görünür. Qazax aşıqlarının yaradıcılıq baxımından inkişafında XIX əsr xüsusi mərhələ təşkil edir. Belə ki, bu dövr yeni ustad sənətkarların meydana çıxması və yeni saz havalarının yaranması ilə xarakterizə olunur. Həmin dövrdə Qazax aşıqları Göyçə, Tovuz, Borçalı və Gədəbəy aşıq mühitlərinin nümayəndələri ilə daha sıx sənət əlaqələri qurublar.

Professor Məhərrəm Qasımlı tarixi-coğrafi baxımdan sabit bir adın mövcud olmadığını nəzərə alaraq, Goranboy–Daşkəsən, Gəncə–Şəmkir–Tovuz–Gədəbəy–Qazax xəttində yerləşən irimiqyaslı ərazini şərti olaraq “Gəncəbasar aşıq mühiti” adlandırıb. Lakin 2014-cü ildə müdafiə olunan “XX əsr Qazax aşıq mühiti” adlı dissertasiya işi bu mühitin müstəqil elmi tədqiqat obyekti kimi ayrıca öyrənilməsinin zəruriliyini ortaya qoyur. Nəzərə alsaq ki, Qazax mahalının zəngin folklor nümunələri coğrafi baxımdan iki böyük aşıq mühiti — Göyçə və Borçalı mühitlərinin sənət əlaqələri fonunda formalaşıb, onda Qazax aşıqlarının yaradıcılığında və ifa tərzində bu iki mühitin təsirini aydın şəkildə müşahidə etmək mümkündür.

Qazax aşıqları ifaçılıqda yüksək peşəkarlıq nümayiş etdirməklə yanaşı, el şairləri kimi də poetik yaradıcılıqda fəal olublar. Miskin Əli, Çoban Əfqan, Mirzə Səməd, Hacı Qaracayev, Qulu Məşədiyev, Ağamalı Sadiq Əfəndi, Temraz Novruzlu, Alı Baba, Akif Səməd və başqaları bu baxımdan diqqəti cəlb edir.

Ustad səviyyəli aşıqların yaratdıqları aşıq havalarının bir qismi klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin adları ilə bağlıdır. Belə ki, M.P.Vaqif tərəfindən “Vaqifi”, M.V. Vidadi tərəfindən isə “Qazax yurd yeri” adlı aşıq havaları meydana gəlib.

Bununla yanaşı, Qazax aşıq mühitində “Qazax səbzəsi”, “Vaqif gözəlləməsi”, “Səməndəri”, Aşıq Avdının “İncə gülü”, Ədhəm Ərəbovun “Ərəbi”, Aşıq Cəlal Qəhrəmanovun “Cəlaloğlu” kimi aşıq havaları geniş yayılıb. Qeyd etmək lazımdır ki, “Qazax səbzəsi” aşıq havası bu gün də məclislərdə ifa olunur, lakin bəzi hallarda “Gilanar” aşıq havası adı altında təqdim edilir.

Qazax mahalında aşıqlardan daha çox “Koroğlu”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Dilqəm”, “Alı xan və Pəri xanım”, “Qaçaq Kərəm” dastanlarının, həmçinin Aşıq Ələsgərin səfərlərindən bəhs edən rəvayətlərin söylənilməsi tələb olunub.

Azərbaycan aşıq sənətini tanıdan ustad sənətkarlardan biri də “Yanıq Kərəm”, “Qaytarma”, “Baş Sarıtel”, “Ruhani” və digər saz havalarının bənzərsiz ifaçısı, sinədəftər ustad aşıq Ədalət Nəsibov olub.

Qazax aşıq mühiti qadın aşıqların fəaliyyəti ilə də zənginləşib. Aşıq Pakizə Musaköylü, Aşıq Solmaz Kosayeva, Aşıq Kifayət Dərgahquliyeva, Aşıq Lütfiyyə Musayeva mühitin formalaşmasında mühüm rol oynayıblar.

Müasir dövrdə də Qazax aşıq mühitinin görkəmli nümayəndələri bu məktəbin zəngin irsini uğurla davam etdirirlər.