Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində tanınmış rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi, ornament və portret rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı.
Videoçarxda Azərbaycan Respublikası Prezidentinin “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı, rəssamın həyat və yaradıcılığı haqqında qısa məlumat verilir, onun əsərləri nümayiş olunur. Bildirilir ki, Mirzə Qədim xalq sənətini dərindən bilən, əsərlərindən bu tükənməz sərvətin gözəl ənənələrindən gen-bol və bacarıqla istifadə edən mahir ornamentalist rəssam olmuşdur. Rəssam 1875-ci ildə vəfat etmişdir.
Rəssamın vəfatından sonra ailə arxivində onun 100-dən çox əsəri qalmışdı. M.Q.İrəvaninin yalnız 20-i əsəri Bakıya gətirilmişdir və 1939-cu ildə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi (h/h Azərbaycan Milli İncəsənət Muzeyi) tərəfindən alınmışdır. Bu rəsmlər ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir.
Mirzə Qədim İrəvaninin yaradıcılığı ilə Azərbaycan təsviri incəsənətində şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçid başlanır. İzləyicilərə rəssamın ilk işi olan yeniyetmə dövründə güzgü üzərində boya ilə çəkdiyi “Qadın” portreti, şüşə üzərində işlənilən “Rəqqasə” və “Dərviş” əsərləri, yaradıcılığının erkən dövrünə aid olan portretlər arasında “Döyüşçü”, “Molla” və s. əsərləri təqdim olunur.
Videoçarxda bildirilir ki, M.Q.İrəvaninin 200 illik yubileyi ölkəmizdə geniş qeyd olundu. Yubileylə əlaqədar rəssamın Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş olundu.
İzləyicilərə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş, həyat və yaradıcılığından, qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən “Cənnət yuxusu” bədii-sənədli filmindən qısa fraqment də təqdim olunur.
Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

