İşğaldan azad edilmiş ərazilərdə növbəti epizootoloji monitorinqlərə başlanılıb

Qida Təhlükəsizliyi Agentliyi müvafiq qurumlarla birlikdə respublika ərazisində müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, avqustun 7-dən işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Laçın və Kəlbəcər rayonlarının ərazisindəki heyvandarlıq təsərrüfatlarında epizootoloji monitorinqlərə başlanılıb.

Monitorinqlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına dair Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir. Monitorinqlər zamanı heyvanlardan götürüləcək diaqnostik nümunələrin müayinələri “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”nda nəzərdə tutulan xəstəliklər üzrə aparılacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinın, Agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və tabeliyində olan idarələrin mütəxəssisləri iştirak edir.

Avqustun 11-də başa çatması nəzərə tutulan monitorinqlər çərçivəsində əldə olunacaq epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Eyni zamanda götürülmüş nümunələr müvafiq müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.

Qeyd edək ki, avqustun 14-18-də Bakı və Mingəçevir şəhərlərindəki, eləcə də Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Kürdəmir, Bərdə, Şəmkir, Hacıqabul, Salyan, Neftçala, Astara və Xaçmaz rayonlarındakı balıqçılıq, avqustun 21-25-də isə Qusar, İsmayıllı, Daşkəsən, Qax, Şəki, Lerik, Astara, Laçın və Kəlbəcər rayonlarındakı arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlərin keçirilməsi və laborator nümunələrin götürülməsi nəzərdə tutulub. Həmin monitorinqlərin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilən, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların və arıların infeksion və invazion xəstəliklərinə qarşı aparılması planlaşdırılıb.