Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdə 3 kiloqram heroin aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qramdan çox, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin və 1 elektron tərəzi aşkarlanaraq götürülüb. Dindirilmə zamanı Pərvin Nağızadə narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri zamanı isə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Azər Əsədov saxlanılıb. Polis əməkdaşının sonuncunun yaşadığı ünvana keçirildiyi baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Rayon polis şöbəsinin əməkdaşlarının son günlərdə bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 320 kiloqramdan artıq olan 107 ədəd çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Həmçinin həmin dövrdə rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5 şəxs də müəyyənləşdirilərək istintaqa təqdim olunub.

Aşkarlanan bütün faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.