Növbəti özəlləşdirmə hərracına 77 əmlak çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 9-da növbəti hərrac keçiriləcək.

Komitədən bildirilib ki, vətəndaşların məmnunluğunu daima öz fəaliyyətində əsas tutan ƏMDK müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. Bu sahədə elektron hərracın tətbiqi isə vaxta qənaətə və rahatlığın təminatına yönəlib. Komitə xidmətlə vətəndaş arasında məsafəni minimuma endirərək şəffaf, məhdudiyyətsiz mühitdə hərrac prosesini təklif edir. Hərracların keçirilməsində məqsəd isə dövlət əmlaklarının investorlar tərəfindən özəlləşdirilərək onların yüksək fayda və səmərə verməsinə nail olmaqdır.

Hərraca ümumilikdə 77 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 9-u isə qeyri-yaşayış sahəsidir.

Budəfəki hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir. Belə ki, ilkin hərrac qiyməti 600 manat və 550 min manat arasında olan dövlət əmlakları Bakı, Sumqayıt, Balakən, Şəki və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 550 min manat, ümumi faydalı sahəsi 3 min kvadratmetrə, torpaq sahəsi 90 min kvadratmetrədək olan Balakən rayonunda yerləşən Əmlak kompleksi müxtəlif istiqamətdə fəaliyyətə imkan verir.

Prosesə çıxarılan müəssisələr arasında Xızıda yerləşən Yardımçı təsərrüfat, Mingəçevir şəhərindəki 36 mənzilli yaşayış binasının yarımçıq tikilisi, Yevlax sənaye müəssisə kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Şəmkir yun tədarükü məntəqəsi göstərmək olar. Belə ki, tekstil sahəsinə lazım olan xammalın ödənilmə potensialını nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 3312 kvadratmetr, torpaq sahəsi isə 63 min kvadratmetrdəkdir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, qalanları isə Sumqayıt şəhərində yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 21 kvadratmetr ilə 140 kvadratmetr arasında dəyişir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 22 yerləşən əmlak ictimai iaşə və xidmət sahəsinə öz töhfəsini verə bilər.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Qax Taxıl”, “Masazır Quşçuluq”, “Salyan Aqrotexservis”, “Yevlax tikinti servis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir

Ölkə vətəndaşları ilə bərabər xarici investorların da prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10 faizi həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.

Hərracların keçiriləcəyi vaxt, prosesə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatlar və sifariş proseduruna keçid Özəlləşdirmə portalı (privatization.az), komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilir.