Son 20 ildə həyata keçirilən dövlət proqramları dağ-mədən sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub

“Azərbaycanın son 20 il ərzində tarixi inkişaf dövrü milli iqtisadiyyatın tərəqqisi və modernləşmə ilə müşayiət olunmaqdadır. Prezident İlham Əliyevin bu illər ərzində imzaladığı sərəncam və fərmanlar, qəbul edilən dövlət proqramları, həyata keçirilən köklü islahatlar və onların nəticələri ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun sürətli inkişaf dinamikasını təmin edib. Azərbaycanın müasir tarixinə tərəqqi və rifah dövrü kimi daxil olan həmin mərhələdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qeyri-neft sektorunun müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi xüsusilə diqqəti cəlb edir. Həmin inkişaf templəri özünü, həmçinin dağ-mədən sənayesində göstərir. Bu onunla izah olunur ki, ölkəmizdə dağ-mədən sahəsində potensial imkanlar kifayət qədər böyükdür. Ölkəmizin müxtəlif regionlarında zəngin yerüstü və yeraltı təbii ehtiyatların olması, eləcə də dağ-mədən sənaye məhsullarına dünya bazarında tələbatın getdikcə artması və digər amillər bu sahənin inkişaf perspektivlərini şərtləndirir.

Tam əminliklə demək olar ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası son 20 ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu sahədə əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının davamlı inkişafına öz töhfələrini verib. Ölkə başçısının iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu strateji vəzifələrə uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər sənaye müəssisələrinin istifadəyə verilməsi dağ-mədən sənayesinin inkişafına təkan verməklə bütövlükdə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb”.

Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Azər Şükürovun “Dağ-mədən sahəsi: nailiyyətlər, hədəflər” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Dağ-mədən sahəsi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edib

Qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması, Azərbaycanın mühüm təbii və mineral ehtiyatlarının mənimsənilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə ölkə başçısının 2015-ci il 11 fevral tarixli Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib. Cəmiyyətin yaradılması Azərbaycan dağ-mədən sənayesi üçün yeni perspektivlər yaradıb. 2017-ci ildən isə “AzerGold” QSC-nin ilk mədən layihəsi olan “Çovdar” qızıl yatağında hasilat işlərinə başlanılıb. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı müvafiq Sərəncamı ilə Azərbaycanda dəmir filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın yenilənməsi və səmərəli istifadəsi, habelə bu sahənin inkişafı ilə bağlı digər fəaliyyətlər də “AzerGold” QSC-yə həvalə edilib. Bu Sərəncama uyğun olaraq 2020-ci il dekabrın 14-də ilk dəfə olaraq “AzerGold” QSC tərəfindən törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Bütün bunlar ölkənin faydalı qazıntı yataqlarının rentabelli şəkildə istismar edilməsi, hasilatın artırılması, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, Azərbaycanda ehtiyatları hələ tam öyrənilməmiş digər faydalı qazıntı yataqlarında kəşfiyyat işlərinin aparılması və istismara cəlb edilməsinə imkan yaradıb.

Bu illər ərzində respublikada zəngin təbii sərvətlərdən və xammal ehtiyatlarından səmərəli istifadə ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edib. Respublikamızda dağ-mədən sənayesinin inkişaf perspektivləri ilə bağlı fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “... bu gün biz Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsini qeyd etdik. Bu, çox önəmli hadisədir. Çünki qeyri-neft sektorunun inkişafı üçün bu sahə xüsusi perspektivlərə malikdir. Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir...”.

Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində 30 ilə yaxın bir dövrdə işğal altında qalmış ərazilərimizin azad olunması Qarabağ və Şərqi Zəngəzurda yeni imkan və reallıqlar yaradıb. Ən böyük reallıqlardan biri odur ki, Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. Dövlət başçısının azad edilmiş ərazilərə Böyük Qayıdış planının reallaşdırılması istiqamətində atılan addımlar sayəsində zəngin yerüstü və yeraltı sərvətlərə malik Qarabağ iqtisadiyyatının Azərbaycanın ümumi iqtisadiyyatına inteqrasiyası sürətlə davam etməkdədir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Həmin ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada 163 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Hazırda işğaldan azad edilən ərazilərdə meşə ehtiyatlarının, faydalı qazıntı yataqlarının qiymətləndirilməsi, dağ-mədən sənayesinin, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik

İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizin enerji siyasətində prioritet məsələdir. Bu, ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Bərpaolunan enerji texnologiyalarının sürətli inkişafı “yaşıl enerji” keçidini sürətləndirməkdədir.

Qeyd olunmalıdır ki, dövlətimizin başçısı ölkəmizdə “yaşıl enerji” zonası yaradılması layihəsinə mühüm önəm verir. Prezident İlham Əliyevin 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində dünyanın bir sıra nüfuzlu şirkət rəhbərləri ilə görüşlərində ölkəmizin bərpaolunan zəngin enerji potensialına malik olduğu qeyd olunub. Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri zamanı Laçın rayonunun Güləbird kəndində çıxış edərkən bu barədə bildirib: “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik”. İşğaldan azad olunan rayonlarda “yaşıl enerji” zonasının yaradılması üçün çox böyük potensial olduğunu qeyd edən Prezident İlham Əliyev Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl ərazilərində isə günəş enerjisindən istifadə imkanlarının çox geniş olduğunu diqqətə çatdıraraq deyib: “Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Beləliklə də ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, eləcə də dağ-mədən sahəsinə istiqamətlənmiş strateji planlaşdırma, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən dövlət proqramları və konkret tədbirlər dağ-mədən sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.

“Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik”. Prezident İlham Əliyevin bu sözləri ölkəmizin son illərdəki tarixi nailiyyətlərinin təməlini təşkil edir.