Sabirabad əməliyyat keçirilib, tutulanlar var

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın marixuana, yaşadığı evdə isə 1 avtomat, 1 daraq və 11 patron aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən ilin əvvəlindən bu günədək eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr - heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin müvafiq dövr ərzində rayon ərazisində 6 oğurluq faktını törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək istintaqa cəlb olunub.

Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1-i yivli olmaqla, 55 odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb.

Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.