Qida Təhlükəsizliyi Agentliyinin sədri Şamaxıda vətəndaşları qəbul edib

Azərbaycan Prezidentinin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 2-də Şamaxı Rayon İcra Hakimiyyətində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onların bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.