Respublikada taxıl biçini davam edir

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan  bildirilib ki, iyunun 20-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Mexanizatorlar tərəfindən 303 min 549 hektar sahədə biçin aparılıb, sahələrdən, ümumilikdə, 920 min 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentnerdir.

İyunun 20-də biçin prosesinə 1572 kombayn cəlb olunub, bunlardan 626-sı “Aqroservis” ASC-nin, 946 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə, bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.