Oktyabrda ən çox yağıntı Abşeron yarımadasına düşüb
Oktyabrın əvvəlindən bəri Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 29°, minimal temperaturu 10°, orta aylıq temperatur isə 19° isti olub. Ayın sonuna qədər bu göstəricilərin yenilənməsi istisna edilmir. Müqayisə üçün bildirim ki, keçən ilin eyni dövründə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°, minimal temperaturu 8°, orta aylıq temperatur isə 18° isti olub.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, oktyabr ayının əvvəlindən bəri bölgələr üzrə maksimal temperatur Kürdəmir rayonunda 33° isti, minimal temperatur isə Şahdağda 11° şaxta müşahidə olunub. Ötən ilin oktyabrında bölgələrdə maksimal temperatur Göyçay rayonunda 34° isti, minimal temperaturu isə Şahdağda 6° şaxta qeydə alınıb.
“Əksər bölgələrdə hava şəraiti əsasən yağmurlu keçib, bəzi günlərdə dağlıq ərazilərə qar yağması müşahidə olunub. Qar örtüyünün maksimal hündürlüyü Qrızda və Lerikdə 17 santimetr qeydə alınıb. Ən çox yağıntı isə oktyabrın 21-22-də aylıq normanın 306 faizi olmaqla, Abşeron yarımadasına düşüb. Leysan yağışlar nəticəsində ölkə üzrə 7 sel hadisəsi qeydə alınıb”, - deyə N.Mahmudov bildirib.
Xidmət rəisi qeyd edib ki, oktyabrın əvvəlindən bəri Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 25, bölgələrdə isə 28 metrədək güclənib.