“Azərkontrakt”ın ləğvi ilə bağlı Komissiya yaradılıb

“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi məqsədilə Komissiya yaradılıb.

 Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat, Maliyyə nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Sərəncamın 1-ci və 2-ci hissələrini nəzərə almaqla “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “Azərkontrakt” ASC) digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə “Azərkontrakt” ASC-nin Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və
öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-dək təmin edilməsi üçün zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Energetika Nazirliyi Sərəncamın 2-ci hissəsinə əsasən “Azərkontrakt” ASC-nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə beş gün müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azərkontrakt” ASC-nin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.

İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Azərkontrakt” ASC bu Sərəncamın 3-cü hissəsinə əsasən yaradılacaq ləğvetmə komissiyasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini üç gün müddətində Azərbaycan Respublikasının Energetika Nazirliyinə təqdim etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama
uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.