QDİƏT PA-ya sədrlik Bolqarıstan parlamentinə təhvil veriləcək

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.

Milli Məclisdən bildirilib ki, görüşdə Nataliya Kiselovanın Azərbaycana bu ilk səfərinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyin Bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında siyasi əlaqələr, Prezident İlham Əliyevin və Prezident Rumen Radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır.Qeyd edilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə intensiv və məhsuldar əməkdaşlıq mövcuddur və enerji sahəsində əməkdaşlıq əsas sahədir.

Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub, humanitar, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın, qarşılıqlı dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən məmnunluq ifadə olunub.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Bolqarıstan arasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bu sahədə parlamentlərarası dostluq qruplarının birgə fəaliyyəti mühüm rol oynayır.

Söhbət zamanı parlament komitələri arasında münasibətlərin inkişafı, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə də danışılıb.

Görüş üçün təşəkkürünü bildirən Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova Bolqarıstanla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.

Bolqarıstan Milli Assambleyasının sədri Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Veliko-Tarnovo şəhərinin Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasının bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı o, regional və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı parlament dostluq qruplarının fəaliyyəti, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.