Şair Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - Fotolar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını salamladı. İsa Həbibbəyli Vaqif Aslanın yaradıcılığı haqqında geniş məlumat verdi. Onun Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Ədəbiyyat İnstitutunun fəxri dostu” Fəxri diplomu ilə təltif etdi. O qeyd etdi ki, Vaqif Aslan şeir yazanların sırasında poeziyada ictimai fikrin əks etdirilməsinə, aparıcı olmasına üstünlük verən sənətkarlardandır və onun yaradıcılığını Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə müqayisə etdi. Vaqif Aslanın poeziyasında ictimai lirikanın milli-mənəvi cəhətdən dərk edilməsi, çox qabarıqdır. Milli-mənəvi dəyərlərə qayıdış baxımından Vaqif poeziyası əvəzedilməzdir. Onun “Ruhlarla söhbət” poemasında Vaqifin bütün cəmiyyətə, dünyaya baxışı əks olunur, Vaqifdə milli-mənəvi özünüdərk dünyanı dərk etdirməyin bir parçasıdır. Vaqifin poeziyasında lirika, sevgi, məhəbbət mövzusu var, amma onun aparıcı tərəfi yeni nəsillərə Vaqif Aslanın təqdimatında Azərbaycan poeziyasını tanıtmaqdır. Akademik V.Aslanın ədəbi tənqidçilik fəaliyyətini də qeyd etdi. Daha sonra İ.Həbibbəyli vurğuladı ki, Vaqif publisistikası elmi publisistikadır. V.Aslan haqqında görkəmli alimlər Yaşar Qarayev, Aydın Məmmədov, Kərim Şükürlü, Cavanşir Feyziyev, Asif Rüstəmli elmi məqalələr yazıblar. Şair bu gün ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edir. Akademik Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə təşkil olunan Vaqif Aslan yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirdi.

Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, professor Birol Akgün tədbirə dəvətə görə təşəkkürünü bildirdi, Vaqif Aslanı salamladıqdan sonra Türkiyə Cumhuriyyətindən Vaqif Aslana ərməğan olunan mötəbər təltifi – “Türk dünyası Elmlər Akademiyasının Fəxri professoru” Diplomunu və mantiyanı yubilyara təqdim etdi. Səfir bu günlərdə AMEA və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda Beynəlxalq simpoziuma diqqət çəkdi, bu kimi elmi-mədəni əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdi. O qeyd etdi ki, bizim “bir millət, iki dövlət” ifadəmizə şairlər də, yazarlar da, alimlər də ortaqdır. B.Akgün Vaqif Aslanla bağlı fikirlərini bölüşdü və bildirdi ki, şairlərə, yazarlara, sənətkarlara qayğı, diqqət, hörmət göstərmək bizim vacib işimizdir. Şairlər haqqın sözünü haqq adına söyləyirlər. Vaqif Aslan Ə.Cavaddan, B.Vahabzadədən V.Aslana kimi bütün şairlərin yaradıcılığının əsas mövzusunun insan və şəxsiyyət olduğunu vurğuladı. B.Akgül şairi yubiley münasibəti ilə təbrik etdi, qələminin iti olmasını arzuladı.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirdi ki, Vaqif Aslan çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri  və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm adamıdır. Poetik düşüncəsi, zəngin erudisiyası, özünəməxsus dünyabaxışı, istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərində insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına məxsus humanizm, fəlsəfilik, psixoloji dərinlik Vaqif Aslan imzasını geniş oxucu auditoriyasına sevdirmiş, xalq ədəbiyyatından rişələnən bu böyük yaradıcılıq ədəbi-elmi ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. Vaqif Aslanın həm bədii, həm elmi yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. O, şair, alim, publisist və dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanan bir sənətkardır.

Vaqif Aslan poeziyası çağdaş türk şeirinin  ədəbi hadisələrindən sayılır. XX əsrin 70-ci illərindən başlayaraq özünəməxsus yaradıcılıq yolu, stixiyası ilə Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, ritorikadan, pafosdan, təsvir və tərənnümün kütləviliyindən uzaqlaşdırmağa nail olmuş Vaqif Aslan həm də bu fəaliyyətləri ilə poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdir. Şairin poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi səciyyələnməkdədir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırdı.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Fəlahiyyətli Səfirinə və AMEA-nın prezidentinə dəyərli vaxtlarını ayırıb tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. L.Məmmədova qeyd etdi ki, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş "Ruhlarla danışan adam" kitabı nəşr olunub. L.Məmmədova “Ruhlarla danışan adam” kitabında elm, ədəbiyyat və mədəniyyət adamlarının, həmçinin ictimai xadimlərin şairin zəngin yaradıcılığı ilə bağlı məqalələrinin yer aldığını bildirdi. L.Məmmədova məlumat verdi ki, daha iki kitabın – Qadir Hüseynovun “Mənim dünyam” və Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabları Fondun dəstəyi ilə nəşr olunmuşdur. Daha sonra L.Məmmədova Q.Hüseynovun “Mənim dünyam” kitabı haqqında məlumat verdi.

Tanınmış yazıçı, şair Seyran Səxavət çıxış edərək qeyd etdi ki, Vaqif Aslan son dərəcə gözəl qələmi olan şairlərdəndir. S.Səxavət şairi yubiley münasibətilə təbrik etdi. O, çıxışını “Ay ilk məhəbbətim, son məhəbbətim” şeiri ilə yekunlaşdırdı.

Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd etdi ki, doktorluq dissertasiyasını yazarkən, V.Aslanın yaradıcılığını araşdıraraq şairin “Dədə Qorqud” motivləri ilə bağlı müsahibə və çıxışlarını gördüm. “V.Aslanla yaradıcılıq ünsiyyəti yaradanda ona monoqrafiyamı da göndərdim”, – Y.İsmayılova bildirdi. Qazaxıstanda “Türk dili” jurnalında Vaqif Aslanla bağlı məqalə ilə çıxış etdiyini də vurğuladı.

Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov V.Aslana yaradıcılıq uğurları arzuladı. Həm özünün, həm V.Aslanın kitabının işıq üzü görməsi ilə əlaqədar təbrik etdi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevə dərin təşəkkürünü  bildirdi. Q.Hüseynov Vaqif Aslanın yubileyinə həsr etdiyi şeirini oxudu.

Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov qeyd etdi ki, Vaqif Aslanı tanımamışdan əvvəl onun şeirlərini oxuyub tanımışıq. Şairə yaradıcılıq uğurları arzuladı. E.Hümbətov Türk Ağsaqqalları İctimai Birliyi adından Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Vaqif Aslana Fəxri diplom təqdim etdi.

Neft və Qaz İnstitutunun professoru Mahir Rəsulov çıxışında vurğuladı ki, bu gün Vaqif Aslanın yox, Azərbaycan ədəbiyyatının yubileyidir. M.Rəsulov V.Aslana yaradıcılığında müvəffəqiyyətlər arzuladı.

BDU-nun kafedra müdiri, professor İsmayıl Əliyev şairi 75 illik yubileyi münasibətilə təbrik etdi. Professor vurğuladı ki, Qobustandan Balakənə qədər Qafqaz sıra dağlarının ətəklərində, qədim Şəkinin Kiş kəndində yaşayıb yaradan Vaqif Aslanın şərəfinə respublikamızın ən mötəbər elm məbədi olan AMEA-da yubileyinin keçirilməsi əsası 1969-cu ildə Ulu Öndər tərəfindən qoyulmuş, Ali Baş Komandan, Qarabağ Fatehi İlham Əliyev tərəfindən davam etdirilən siyasətin bariz nümunəsidir. O qeyd etdi ki, V.Aslan şair, tərcüməçi, publisist olmaqla yanaşı, həm də müəllimdir. Bu tədbirin keçirilməsi onun yaradıcılığına dövlətimizin diqqət və qayğısının nümunəsidir.

172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova V.Aslanı 75 illik yubileyi münasibətilə təbrik etdi. Şairin yazdıqlarının gənc nəslə tərbiyəvi əhəmiyyətini,  öyrədici və düşündürücü təsirlərini vurğuladı.

Şair Tural Adışirin çıxışında Vaqif Aslanın onlarla yetirmələrindən biri olduğunu vurğuladı. V.Aslanın 75 illik yubileyinə həsr olunan kitabda yazısının olduğunu bildirdi. Çıxışının sonunda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın Vaqif Aslanın yubileyi ilə bağlı ünvanladığı təbriki oxudu.

Tədbir iştirakçıları türkiyəli şair Hasan Kallimcinin şair Vaqif Aslana tədbirikini video formatında dinlədilər.

Türkiyəli yazar, ədəbiyyatşünas-alim Süheyla Karaca Hanönü Şəkinin gözəlliyindən söz açdı və Vaqif Aslanın təbiri ilə Şəkidə şair olmamağın günah olduğunu vurğuladı. Süheyla Karaca V.Aslanı təbrik etdi, ona daim yazıb yaratmağını arzuladı.

Türkiyəli yazar, ədəbiyyatşünas-alim Selvigül Şahin çıxışında Vaqif Aslanı təbrik etdi, qələminin iti olmasını arzuladı. Selvigül Şahin şairə çəkdiyi tablonu təqdim etdi.

V.Aslanın ailə üzvlərindən Yeganə Aslanova və Abdulqədir Lətifov tədbirin təşkilinə görə minnətdarlığını bildirdilər. Şairin qələminin heç zaman yorulmamasını, yeni-yeni əsərlər yazmasını arzuladılar.

Şair Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirdi, bu əlamətdar gündə göstərilən diqqət və ehtirama görə təşəkkür etdi.

Tədbirin bədii hissəsində respublika və Beynəlxalq müsabiqələr laureatı, magistr, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu İslam Qasımovun ifasında sözləri Nəbi Xəzrinin, musiqisi Müslüm Maqomayevin “Azərbaycan”, sözləri Əhməd Cavadın, musiqisi Emin Sabitoğlunun “Şükriyyə” mahnıları, tanınmış muğam ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova “Çanaqqala Müzəffər”, “Mehriban olaq” mahnılarını və muğamlar ifa etdi. Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov, Sübhan Ağazadə, Aysu Qululu, Tunar Əzizov və Fatimə Kərimli muğamlar ifa etdilər. İfaçıları kamançada Xətayə Cəfərova, tarda Famil Məmmədov, qavalda Əziz Mənsimli müşayiət edirdi.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası Həlimət Sultan “Eşq” bədii-musiqili kompozisiyasını təqdim etdi.

Tanınmış pedaqoq Zenfira Nusalova Vaqif Aslanın “Sən niyə bu qədər gözəlsən axı?”, bədii qiraət ustası Bəhiyyə Nağıyeva “Səndə şair olmamaq da günahdır”, “Şəki” şeirlərini səsləndirdilər.

Tədbirdə alimlər, şair və yazıçılar, geniş ictimaiyyət və KİV nümayəndələri, oxucular iştirak etdilər.

Fotosessiya