Azərbaycan Respublikasının təmsilçisi Baş katib vəzifəsinə seçilib

İyulun 10-da Bakı şəhərində keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində Azərbaycan Respublikasının təmsilçisi ilk dəfə olaraq həmin Təşkilatın Baş katibi vəzifəsinə seçilib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, seçkilər yüksək rəqabət şəraitində keçirilib. Belə ki, ICDO-nun Baş katibi vəzifəsinə seçkilərdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Ərgüc Kələntərli ilə yanaşı, 3 ölkədən olan namizəd mübarizə aparıb.
Azərbaycanın namizədi səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin (23 ölkə) dəstəyini qazanaraq mötəbər qurumun Baş katibi vəzifəsinə seçilib.
Mülki müdafiə sahəsində yeganə hökumətlərarası təşkilat hesab edilən ICDO-nun əsas vəzifəsi təbii və texnogen fəlakətlər zamanı əhalinin mühafizəsini, ona yardımı, bu fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə məşğul olan strukturların imkanlarının gücləndirilməsi və həmin sahədə beynəlxalq əməkdaşlığın təşviqindən ibarətdir.
ICDO Baş katibi təşkilatın ən ali vəzifəsi olmaqla, təşkilatı beynəlxalq müstəvidə təmsil etmək, struktur vahidlərinə rəhbərliyi yerinə yetirmək və Katibliyin funksionallığını təmin etmək və digər əhəmiyyətli sahələrdən məsuldur.