PKK silahı yerə qoydu

İraqın şimalında daha əvvəl ləğv olunduğunu elan etmiş PKK qruplaşmasına aid döyüşçülərin ilk qrupunun tərksilahı həyata keçirilib. Təntənəli mərasimdə döyüşçülər sıraya düzülərək, İraq və Türkəyədən olan rəsmilərin qarşısında silahları yerə qoyublar.

Yerveinsan.az bildirir ki, bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Qruplaşmanın tərksilah prosesini izləmək üçün Türkiyə və İraqdan çox sayda jurnalist, yazar və siyasətçi bir araya gəlib. Süleymaniyəyə bağlı Surdaş nahiyəsinin sərhədlərində yerləşən bir mağarada toplaşan PKK üzvləri silahları ilə birlikdə mağaradan çıxaraq tədbirin keçirildiyi əraziyə gəliblər.

15-i qadın olmaqla, 30 nəfərlik PKK qrupu əllərindəki silahları içərisində od yanan böyük bir qazana ataraq məhv edib. Ərazidə qruplaşmanın rəhbərlərindən biri türkcə və kürdcə mesaj səsləndirib.

Tədbirin keçirildiyi yerdə Milli Kəşfiyyat Təşkilatının (MİT) nümayəndələri, iraqlı rəsmilər, İraq Kürd Muxtariyyətinin rəsmiləri və təhlükəsizlik qüvvələri, DEM Partiyasının üzvləri, bəzi QHT nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Təşkilatın tamamilə silahsızlaşdırılması prosesinin sentyabr ayının sonuna qədər yekunlaşdırılması hədəflənir.

xxx

 
12:32

İraqın Süleymaniyə əyalətində PKK döyüşçülərinin ilk qrupunun tərksilahı prosesi başlayıb və təntənəli mərasimə hazırlıqlar yekunlaşmaq üzrədir.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

"A Haber" telekanalı da birbaşa yayımda PKK-nın ilk qrupunun tərksilah olunması prosesinin faktiki olaraq başladığını təsdiqləyib və jurnalistlərin mərasimin keçiriləcəyi əraziyə təşkil olunmuş şəkildə aparılmasının mümkün olduğunu bildirib. Məlumata görə, PKK-nın ilk qrupunun tərkibində təşkilatın bəzi rəhbər şəxsləri də yer alır.

“Habertürk” telekanalı isə bildirib ki, Türkiyənin rəsmi prokürd DEM partiyasının nümayəndə heyəti Diyarbəkir vilayətindən Süleymaniyəyə gəlib. Telekanal nümayəndələrin Şimali İraqda iştirakını əks etdirən görüntülər yayımlayıb. Siyasətçilərlə yanaşı, İraqa bir sıra ictimai təşkilatların nümayəndələri də yollanıblar.

Ümumilikdə PKK-nın tərksilah mərasiminə Türkiyədən təxminən 150 nəfər qatılıb. Bu səfər Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiya çərçivəsində həyata keçirilir.