Azərbaycan-Braziliya parlamentlərarası əməkdaşlığının gücləndirilməsi müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə işgüzar səfəri çərçivəsində Cenevrədə Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar mövcud olduğu qeyd edilib. 2023-cü ildə ölkələrarası diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanaraq, yüksəksəviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlərin mövcud olduğu vurğulanıb.

Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanlar arasında ortaq maraqlar üzrə fikir mübadiləsi aparmaq baxımından mühüm bir platforma olduğu qeyd edilib. Bildirilib ki, bu cür beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında mövcud olan sıx təmaslardan məmnunluq ifadə edilib və bu əlaqələrin parlamentlərarası əməkdaşlığın genişlənməsinə zəmin yaratdığı vurğulanıb. Eyni zamanda, keçirilən görüşlərin və aparılan siyasi dialoqun parlamentlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib. Müasir dövrdə mövcud olan çağırışlara qarşı birgə mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha diqqətə çatdırılıb.

COP30-un Braziliyada keçiriləcəyi xatırladılaraq, Azərbaycanın ötən il COP29-a uğurla ev sahibliyi etdiyi vurğulanıb. Qeyd edilib ki, bu mühüm qlobal tədbir çərçivəsində ölkəmizdə səfərdə olmuş Braziliya nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının qonaqpərvərliyindən və tədbirin yüksək səviyyədə təşkilindən məmnun qaldıqlarını bildiriblər. COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament görüşünün uğurla baş tutduğu qeyd olunub. Eyni zamanda, Braziliyada COP30 çərçivəsində keçiriləcək Parlament konfransının təşkili ilə bağlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.