Xorvatiya parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən xorvatiyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.