Ceyhun Bayramov İtaliya Senatının sədri ilə görüşüb

Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində İtaliya Senatının sədri İqnasio La Russa ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Son illər ərzində qarşılıqlı etimada, ümumi maraqlara və fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələrin daha da dərinləşdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, müdafiə və təhlükəsizlik, iqtisadi və ticarət, enerji və bərpa olunan enerji, humanitar, turizm, mədəniyyət və təhsil sahələri də daxil olmaqla çoxşaxəli istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.

Görüşdə, İtaliya Prezidentinin Azərbaycan-İtaliya Universitetinin açılış mərasimində iştirakı, İtaliyanın Baş nazirinin ölkəmizdə COP-29 liderlər sammitinə qatılması, iki ölkə liderləri arasında yüksək səviyyəli təmasların münasibətlərə əlavə təkan verdiyi vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin gücləndirilməsinin və davamlı siyasi dialoqun münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıdığını bildiriblər. Bu kontekstdə parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, həmçinin regional və beynəlxalq parlament platformalarında qarşılıqlı dəstəyin artırılması baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə keçmiş Ermənistan–Azərbaycan münaqişəsindən irəli gələn postmünaqişə reallıqları, bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya prosesləri və İtaliya şirkətlərinin bu prosesdə iştirakı barədə ətraflı məlumat verib.

Tərəflər həmçinin regional təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq formatları, beynəlxalq gündəlikdə duran məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıblar.