Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulunun vaxtı dekabrın 17-dək uzadılıb.
Təhsil İdarəsindən bildirilib ki, eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri BŞTİ-yə təqdim etməlidirlər.
Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs 16, tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs isə 18 yaşdan aşağı olmamalıdır.
Qeyd edək ki, eksternat imtahanlarının təşkili müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Əlavə sualı olan vətəndaşlar BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.

