Prezident İlham Əliyev Zərdabda yol təmirinə 2 milyon manat ayırıb - SƏRƏNCAM

Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manatı ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.