Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müştərək layihələri müzakirə edib

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında dostluq, qarşılıqlı dəstək və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığı qeyd edilib.

Görüşdə, ikitərəfli iqtisadi və ticarət əlaqələri, o cümlədən enerji, nəqliyyat-logistika istiqamətlərində indiyədək həyata keçirilmiş müştərək strateji layihələr barədə fikir mübadiləsi aparılıb. Regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin gücləndirilməsinin hər iki ölkənin, eləcə də bütün regionun rifahı üçün strateji əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı ətraflı məlumat verib. Vaşinqtonda əldə olunmuş razılıqların regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin proses çərçivəsində gözləntiləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.