Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiya edilmiş şəxslərin törətdikləri cinayət əməllərinin növləri açıqlanıb
Azərbaycana ekstradisiya edilmiş şəxslər arasında daha çox dələduzluq, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, dərman vasitələrinin qanunsuz dövriyyəsi, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, rüşvətvermə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, sağlamlığa ağır zərər yetirmə, adamöldürmə, adam oğurluğu, xuliqanlıq, mənimsəmə və ya israfetmə, vəzifə saxtakarlığı, vergi ödəməkdən yayınma, rəsmi sənədləri saxtalaşdırma, dövlət sərhədini qanunsuz keçmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə növündə cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxslər üstünlük təşkil edir.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ekstradisiya cinayətkarlığa qarşı mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması olub, cinayət törətməkdə təqsirləndirilən və ya məhkum edilmiş şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə verilməsidir.
Ölkəmizdə ekstradisiya proseduru ikitərəfli müqavilələr (İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan Respublikası, Çin Xalq Respublikası və İordaniya Haşimilər Krallığı) və Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının və Müstəqil Dövlət Birliyinin bu sahədə mövcud olan çoxtərəfli konvensiyaları əsasında həyata keçirilir.
Eyni zamanda, ölkələr arasında müqavilə və ya birgə üzv olduğumuz müvafiq konvensiya olmadıqda ekstradisiya proseduru 15 may 2001-ci il tarixli “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada aparılır.

