Baş nazir Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində dekabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Nazirlər Kabinetindən bildiriblər ki, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.

