Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası böyük kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar “Elmə həsr olunmuş ömür” və “Tarixə yazılan ömür” adlı silsilə videoçarxlar hazırladı.

Videoçarxlarda Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dünya şöhrətli kimyaçı-alim Yusuf Məmmədəliyev haqqında sitatları verilib.

“Elmə həsr olunmuş ömür” adlı 1-ci videoçarxda akademik Y.Məmmədəliyevin elmi fəaliyyəti, dünya neft-kimya sənayesinin tarixinə qızıl hərflərlə yazılan ixtiraları haqqında məlumat verilir. Qeyd olunur ki, Y.Məmmədəliyev Azərbaycan neft kimya sənayesinin əsasını qoymuşdur. Azərbaycan elminin böyük təşkilatçısı və cəfakeşi olmuşdur. Alim neftin və neft qazlarının katalitik emalı sahəsinə əvəzolunmaz töhfələr vermiş, Böyük Vətən müharibəsi illərində “Molotov kokteyli”ni və  yüksək oktanlı benzini icad etmişdir. Videoçarxda akademik Y.Məmmədəliyev Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri olduğu, 1947-1950 və  1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti seçilməsi haqqında izləyicilərə məlumat verilir.

“Tarixə yazılan ömür” adlı 2-ci videoçarxda alim elmin yüksək təşkilatçısı kimi göstərilir. Bildirilir ki, Y.Məmmədəliyev Azərbaycanda müxtəlif elm sahələrinin inkişafına yorulmadan xidmət etmiş, onların dünya elm məkanına çıxmasına dəstək olmuş, alim və tələbələrə qayğı göstərmiş, Azərbaycan dilinə böyük önəm vermişdir. Böyük alimimiz XX əsrin 30-cu illərində repressiyalara uğramış dövlət xadimlərinin övladlarını Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində işlə təmin etmişdir. Videoçarxda alimin xatirəsinin əbədiləşdirilməsi və onun təltifləri də göstərilir.

Birici videoçarx böyük alim Yusuf Məmmədəliyevin ən çox sevdiyi  dünya şöhrətli Xalq artisti Bülbülün və tanınmış opera müğənnisi Azər Rzazadənin ifalarında Asəf Zeynallının “Ölkəm” mahnısı ilə, ikinci videoçarx isə dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası və Müslüm Maqomayevin “Şah İsmayıl” operasından bir parça ilə müşayət olunur.

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib: