Mahirə Nağıqızının “Şərəfli ömür yolu”

Deyirlər, tanrıya ən yaxın insanlar şairlərdir. Dünyanın maddi zövqündən ayrılıb, ruhi aləmdə yaşayırlar. Bəşəriyyəti, insanlığı öz mənəvi pəncərələrindən seyr edib, dünyanı sözlə gözəlləşdirirlər. Gözəlləşdirdikləri dünyaya isə insanlığı səsləyirlər.

Şeir müəllif fikrinin söz hanasıdır. Xalçaçı ilmələrdən xalça toxuduğu kimi şair də sözlərdən şeir toxuyur. Söz köynəyinə bükülüb şeirləşən duyğular oxucu könlünə yol tapanda şair özünü xoşbəxt sanır. Bu gün o insanlardan biri də. Naxçıvan şəhərinin, Naxçıvan Müəllimlər İnstitutunun qonağı olan  Mahirə Nağıqızıdır. Yüzlərlə elmi məqalənin, onlarla şeir kitabının müəllifi, filoloq alim, şair Mahirə Nağıqızı. O, haqqında həmişə xoş sözlər deyilən, müqəddəs varlıq kimi təqdim olunan, əsərlərinin elmi-fəlsəfi yükü ilə fərqlənən, tələbələri və pedaqoq həmkarları tərəfindən adı rəğbətlə səslənən Azərbaycan xanımı, şairi, alimi, vətəndaşı…

Mahirə Nağı qızı Hüseynova 1960 – cı il noyabr ayının 4-də Naxçıvanda Babək rayonunun Sust kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1984 – cü ildə Bakıda Mehdiabad qəsəbəsində 1saylı məktəbdə müəllim kimi fəaliyyətə başlayan Mahirə Nağıqızı 2003 – cü ildə “İlin nümunəvi müəllimi” respublika müsabiqəsinin qalibi olub. Təhsil Nazirliyi tərəfindən respublikanın qabaqcıl təhsil işçisi adına layiq görülüb. 2007 – ci ildə “Qızıl Qələm” Media Mükafatı Laureatı”, “İlin Alimi” Media Mükafatı Laureatı” və  bir çox başqa mükafatlara layiq görülüb. 2021 – ci ildən ADPU –nun Beynəlxalq Əlaqələr üzrə prorektoru və prorektorluğun nəznində Türkoloji Mərkəzin müdiri, Qərbi Azərbaycan İcması İdarəetmə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında AAK –nın Filologiya və Pedaqogika üzrə Ekspert Şurasının sədri, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına, “Səməd Behrəngi Beynəlxalq mükafatı” na layiq görülüb. Prezident təqaüdçüsüdür. Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmalar aparan Mahirə Hüseynova 30 elmi kitabın, monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii kitabın müəllifidir. Şair, dilçi alim, pedaqoq, prorektor kimii böyük cavabdehlik tələb edən işlərdə Mahirə xanım bu işlərin onu yormadığını, insan bir işi sevərək görərsə heç vaxt yorulmayacağını söyləyir. Filoloqluq-şairlik mənim iç dünyamdır, pedaqoji fəaliyyət mənim həyatımdır.

Mahirə Nağıqızı könlünü sözə təslim edən ziyalılarımızdandır. Şeir onun üçün ürək döyüntüsü, ruhunun həyəcanı, dincliyi, könül rahatlığı,  gözünün yaşıdır. Mahirə xanımın şeirlərində pərisini axtaran Qurbani məhəbbəti, Abbasın Gülgəz sevdası, eşqin odundan alışan Kərəmin naləsi olduğundandır ki, aşıqlarımız bu şeirləri sevə sevə səslərinin sığalına yatırırlar. 100 illərdir ruhumuzla yol gəlir. Xalqın əzəli, əbədi ruhunda yazılmış, daş kitabələr kimi yaddaşda möhkəmlənən bayatılar da Mahirə xanım qələmini uğurla sınayıb.

Dəniz qırağı sərin,

Meh oynadır tellərin.

Keçib gələ bilmirəm,

Dalğa çox, suyu dərin…

 

və yaxud

 

Olma məndən bezar, yar,

Mən sənə laləzar, yar.

Ölsəm, o dünyamda da,

Ruhum səni gəzər yar.

 

İlahi eşqin tərənnümüdür bu bayatılar. Hisslərin belə poetik ifadəsi isə əsl sənətkarlıq, sözün qədrini və qədərini bilməkdir. Hər kəs indi nümunə göstərəcəyim iki misrada böyük bir sevgini ifadə edə bilməz axı:

 

Aç, qəlbini sığınım,

Mənim başqa haram var?

Yardan yanadır könlüm,

Onsuz qanadı könlüm,

Qəmdən xalı toxuyar,

Dərdə hanadır könlüm.

Mahirə xanım deyir ki, mən şeiri yazıram. Deyirlər ki, sənin şeirlərində musiqilik var, rəvanlıq var, axıcılılıq var. Musiqi özü onu çəkir. Bu baxımdan mahnılar bəstələnir. Mahnı hazır olanda mən onu dinləyirəm. Sanki şeirim yenidən doğulur. Sanki yeni bir övladım dünyaya gəlir. Mahirə xanım nədən yazırsa-yazsın, yazdıqları hansı məzmunda olursa-olsun, orada bir səmimilik var, təmizlik, özgürlük və sədaqət var. Həm də yaşantıların şirin etirafı… Ağrılı günlərdən bəhs etdikdə belə insan o səmimiyyətin içində qələmə alınanları özünün yaşantısı kimi duya bilir.

Şairə xanım deyir ki, şair ömrü əzabdır. Yəni düşünürsə, yazırsa, həyatı dərk edirsə, insanların, cəmiyyətin yükünü apara bilirsə, daxil olduğu auditoriyada hər bir tələbənin gözlərinə yazılmışları oxuya bilirsə, bunlar sətirlərə düzülür. Adi bir danışıqda insan sözü elə deməlidir ki, o insanın ruhuna hopsun, axıcı, rəvan olsun. Nəhayət şeir olsun. Məncə bu peşə deyil, bu xoş bir dəyərdir.

Mahirə Nağıqızının ömür illəri necə keçdi?

Şairə xanım yazır:

Ömür pilləsiymiş hər günü, ayı,

Acısı, şirini – bilinməz sayı.

Qurmaq istədiyim ömür sarayı,

Daşı divarıymış ötən günlərim.

 

Ömür təsəllidir, bu dünya puçdu,

İllər vəfasızdır – quş kimi uçdu.

İnanma, Mahirə, kim desə suçdu,

Həyat savaşıymış ötən günlərim!

 

Atamız, anamız bizi zəhmətə, əməyə öyrətdi. Ailəmizdə 11 övlad olmuşuq. Anam Qərbi Azərbaycan Dərələyəz mahalından Qovuşuq kəndindəndir. Anam çox zəhmətkeş qadın olub, cəmiyyət üçün lazım olan 11 övladın yükünü məhz bu ana çəkib.

11 övlad yükü çəkdin

Asanı yox bərki çəkdin

Hamımızdan ərki çəkdin

Baxma belə nazlı – nazlı

11 övladın şəkilləri sovet dönəmində məktəbdə şərəf lövhəsində olubdur. 11 övlad hamısı ali təhsil alıbdır. Mahirə xanım düşünür ki, bunlar uca zirvələri fəth etmək üçün deyil, bu bizim borcumuz idi. Bunu etməli idik. Mahirə xanım söyləyir ki, bu gün onun alim, şairə və insanların çətin və xoş günündə hər zaman yanlarında olan bir şəxsiyyət kimi yetişməsinin səbəbi anası Nazlı xanımdır.

Anasının fədəkarlığından, ağır həyat yolundakı ömür gün yoldaşı ilə birgə atdıqları addımdan bəhs edilən şeirində  deyilir:

Bir dəfə taledən gileylənmədi,

Tapdı ocağında, bizdə varlığı.

Yoxluğa sınmadı, yoxa enmədi,

Onu qorxuzmadı daş ağırlığı…

və ya

Könlüm nə sevdadasan?

Ömrün verdin bada sən

Ləngərsiz gəmi kimi

Hərdən bir dəryadasan sən.

Bunu deyən zaman anasının gözündən axan göz yaşlarının qiymətini sonralar bildik deyən Mahirə xanım deyir ki, anamın gözündən gilələnən bircə yaş üçün canımı qurban verərəm.

İnsan övladını bu dünyaya bağlayan ümid və rastlaşdığı gözəlliklərdir. Dünyamıza şair könlüylə baxan, sözüylə özünə gözəl qala hörən şair Mahirə Nağıqızı kimi. O ədəbiyyat tariximizdə öz sözünün lövbərini yaratdı.

Çıxışımı elə Mahirə xanım öz cümlələri ilə bitirmək istəyirəm. “40 ildir auditoriyalardayam. 40 ildir tələbələrə Azərbaycan dilinin qatlarını öyrədirəm. 40 ildir Azərbaycan dilinin rastlaşdığı problemlər və Azərbaycan dilinin tarixi ilə məşğulam. Daxili xisləti, kin – kudurəti, qüsuru olan insan şeir yaza bilməz. Insanın daxili gözəl olmalıdır. Hər şeyə bir gözəllik gözüylə baxmalıdır. Allahın yaratdığına qüsur axtarmamalıdır. Ana – şair – elm adamı bu adların hər biri müqəddəsdir, mən özümü ən çox ana olaraq rahat hiss edirəm. Ona görə ki, anam bizi tərbiyə edib, bir şeiriyyət yaradıb, oda mənim ruhuma hopub. Məndə ana olaraq müəlliməm, öyrədirəm, həyata hazırlayıram.öz hərəkətimlə, öz sözlərimlə, öz nümunəmlə”.

 

Şəbnəm Əli qızı Əliyeva

Naxçıvan Dövlət Universitetinin əməkdaşı