Göyçə ruhunun daşıyıcısı – şair Aqşin Hacızadə


Azərbaycan ədəbiyyatı tarix boyu el sənətkarlarının, sözə könül verən qələm adamlarının hesabına zənginləşmişdir. Bu söz adamlarının böyük bir qismi isə qədim oğuz yurdu olan Göyçə mahalından çıxmışdır. Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə kimi sənətkarların yetişdiyi bu mühit bu gün də öz sözünü deməkdədir. Bu ruhu yaşadan, onu müasir poeziyada davam etdirən qələm sahiblərindən biri də şair Aqşin Hacızadədir.
17 oktyabr şair Aqşin Hacızadənin doğum günüdür. O, 1969-cu ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində, tanınmış şair Sərraf Şiruyənin ailəsində dünyaya göz açmışdır. Sözün, şeirin, sazın, el məclislərinin hökm sürdüyü bir mühitdə böyüyən Aqşin Hacızadə hələ uşaq yaşlarından poeziyaya bağlanmışdır. Onun yaradıcılığının mayasında ata ocağından gələn söz sevgisi, ana nəsihətindən gələn ədəbiyyat ruhu dayanır. Anası – ədəbiyyat müəllimi Nuriyə xanım, atası – tanınmış şair Sərraf Şiruyə onun ədəbi dünyasının formalaşmasında mühüm rol oynamışdır.
Aqşin Hacızadə 1976–1986-cı illərdə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində təhsil almışdır. 1987–1989-cu illərdə Murmansk vilayətində Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Lakin onun həyat yolunun ən mühüm mərhələlərindən biri Qarabağ müharibəsi illərinə təsadüf edir. Qarabağ hadisələri başlayanda Aqşin Hacızadə Vətənin çağırışına biganə qalmamış, 1993–1996-cı illərdə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş və Ağdam istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olmuşdur. O, bu gün Qarabağ müharibəsi veteranı kimi həm də Vətən uğrunda savaşmış bir şairdir.
Bəlkə də elə buna görədir ki, Aqşin Hacızadənin poeziyasında vətənpərvərlik, torpaq sevgisi, Qarabağ ağrısı, Göyçə həsrəti xüsusi yer tutur. Onun şeirləri sadəcə poetik misralar deyil – yaşanmış talelərin, çəkilmiş ağrıların, yurd nisgilinin poetik ifadəsidir.
Bu gün Aqşin Hacızadə Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır və fəaliyyət göstərir. O, Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Bərdə rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən şəhid Ziyafət Balıyev adına Yeni Daşkənd kənd Folklor evinin bədii rəhbəri kimi çalışır. Uzun illər el məclislərinin mahir aparıcısı kimi tanınan şair bu gün də mədəni tədbirlərin təşkilində, folklor ənənələrinin yaşadılmasında fəal iştirak edir.
Aqşin Hacızadə yalnız şair deyil, həm də məhsuldar qələm sahibidir. Onun yaradıcılıq portfelində bir-birindən maraqlı kitablar yer alır. Müxtəlif illərdə çap olunmuş “Tanrı bizi bağışlamaz” (2010), “Sənsizliyi duyacağam” (2011), “Tikdim ki, izim qala” (2021), “Qulam Qədirov – 50” (2022), “Biz yenə də dönəcəyik Göyçəyə” (2023), “Göyçədən başlanan şəhidlik yolu” (2023), “Təcnislər” (2024) və “Məzarı olmayan on beş qəhrəman” (2025) adlı kitabları onun yaradıcılıq axtarışlarının və zəhmətinin bariz nümunəsidir.
Bu kitabların hər biri müəyyən bir ideyanın, müəyyən bir duyğunun ifadəsidir. Bəzilərində Göyçə nisgili, bəzilərində Qarabağ ağrısı, bəzilərində isə saf məhəbbət və insan duyğuları poetik dillə təqdim olunur.
Şairin yaradıcılığı yalnız oxucuların deyil, ədəbi mühitin də diqqətindən kənarda qalmamışdır. 2021-ci ildə Aqşin Hacızadə “Ziyadar” mükafatına layiq görülmüşdür. Bu mükafat onun poeziya sahəsində göstərdiyi xidmətlərin qiymətləndirilməsi kimi qəbul edilir.
Lakin bütün bunlara baxmayaraq, bir sual bu gün də ədəbi mühitdə səslənir: onlarla şeirin, səkkiz kitabın müəllifi olan, Qarabağ müharibəsi veteranı kimi Vətən yolunda döyüşmüş, mədəniyyət sahəsində fəal çalışan bir şair niyə hələ də Azərbaycan Yazıçılar Birliyinin üzvü deyil?
Ədəbiyyat aləmində bəzən qəribə paradokslarla qarşılaşmaq olur. Bəzən populyarlıq, mediada görünmək və ya başqa amillər ədəbi meyarlardan üstün tutulur. Halbuki illərlə sözə xidmət edən, kitablar yazan, poeziyada öz dəsti-xəttini formalaşdıran qələm sahibləri kənarda qala bilir. Bu gün bir çox ədəbiyyatsevərlər haqlı olaraq düşünür ki, belə bir yaradıcılıq yolu keçmiş şairin Yazıçılar Birliyinə üzv qəbul olunmaması ən azı düşündürücüdür.
Ancaq tarix göstərir ki, şairin əsl qiymətini qurumlar yox, zaman və oxucu verir. Aqşin Hacızadənin şeirləri bu gün el məclislərində səslənir, şeirsevərlərin dillər əzbərinə çevrilir. Bu isə hər bir şair üçün ən böyük qiymətdir.
Göyçə ruhunu, Qarabağ ağrısını və xalq duyğusunu poeziyada yaşadan Aqşin Hacızadəyə yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, o, sözün məsuliyyətini daşıyan qələm sahibi kimi Azərbaycan poeziyasına bundan sonra da dəyərli töhfələr verəcəkdir.


Musa Muradlı

 

Fotosessiya