Azərbaycan Televiziyasının ilk diktor-jurnalisti ilə müsahibə: Şah İsmayıl Xətai XVI əsrdə Azərbaycan dilini dövlət səviyyəsinə qaldırıb
Ana dilimiz milli ruhumuzun daşıyıcısı, varlığımız, şah damarımızdır. Onun saflığını qorumaq, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.
Yerveinsan.az bildiri ki, bunu AZƏRTAC-a Əməkdar artist, Azərbaycan Televiziyasının ilk diktor-jurnalisti Gülşən Əkbərova bildirib.
O, həmçinin Azərbaycan dilinin saflığının qorunmasının əhəmiyyəti, bu işdə media nümayəndələrinin rolu və digər məsələlərlə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Gülşən xanım, əvvəlcə, efir dilinin, yazının məsuliyyəti və cəmiyyətə təsirləri barədə fikirlərinizi bilmək istərdik.
- Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, dünyagörüşünü, adət-ənənələrini, mənəvi dəyərlərini əks etdirən canlı bir sistemdir. Dünyada çoxlu dillər və millətlər var. Bəzi millətlərin yer üzündən silinməsinin səbəbi məhz dilin itirilməsi olub. Yəni dilini itirən millət ölümə məhkumdur. Biz isə qürur duyuruq ki, belə bir sərvətə - təmiz, zəngin, musiqili, gözəl dilə sahibik. Tarix boyu Azərbaycan dili uğrunda mübarizə aparılıb, Vətənini, dilini sevən ziyalılarımız olub.
Şah İsmayıl Xətai XVI əsrdə Azərbaycan dilini dövlət səviyyəsinə qaldırıb, məktəblər açıb, kitablar nəşr etdirib. O, özü fars və ərəb dillərində yazsa da, əsərlərinin əksəriyyəti Azərbaycan dilindədir. Xətainin bizə yadigar qalan çox müdrik ifadələri var, onlardan birini xüsusi qeyd etmək istəyirəm. O deyib: “Babalardan bizə yadigar qalıbdır dilimiz, Vətənimiz və qeyrətimiz”. Burada dil ona görə önə çəkilir ki, insan dilini itirərsə, o, Vətənsiz qalar.
XIX əsrdə görkəmli maarifçimiz Həsən bəy Zərdabi Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetini nəşr edib. Qəzetin təxminən 2 il müddətində 56 nömrəsi çıxsa da, bu mətbu orqan düşüncəmizin formalaşmasına, maarifçiliyin yayılmasına və yeni nəşrlərə təkan olub. Daha sonra dövrün mütərəqqi ziyalıları olan Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid və başqaları “Molla Nəsrəddin” jurnalı ətrafında birləşiblər və xalqın maariflənməsinə, dil siyasətinə xüsusi önəm veriblər. Dilin saflığı uğrunda mübarizədə bu insanların böyük xidmətləri var. Cəlil Məmmədquluzadə hələ o zaman yazırdı: “Ey, dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan mənim yazıq millətim!” Yaxud “Yadınıza salın o günləri ki, bu dildə ananız beşik başında sizə layla deyirdi. Hərdənbir ana dilində danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?” Bunlar müdrik, ibrətamiz ifadələrdir, Firidun bəy Köçərli isə yazırdı ki, ana dili millətin mənəvi diriliyidir. Ana südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır.
Mən Azərbaycan Televiziyasında 1970-ci ildən fəaliyyətə başlamışam. Bu, sovet dönəmi idi, hər yerdə iki – Azərbaycan və rus dilləri işlənirdi. Konstitusiyada Azərbaycan dili dövlət dili kimi qeyd olunsa da, rus dili hakim idi. Ölkəmizdə qəzet və jurnalların bəziləri Azərbaycan və rus dillərində nəşr olunurdu. Məsələn, “Bakı” və “Bakı axşam”, “Azərbaycan gəncləri” və “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Vışka” qəzetləri, “Azərbaycan jurnalı” və “Literaturnıy Azerbaydjan” jurnalları.
- Azərbaycan dili ilə bağlı son illər bir sıra tədbirlər həyata keçirilib...
- Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil ölkəmizin yeni Konstitusiyası qəbul olunub və Azərbaycan dili dövlət dili kimi bərpa edilib. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması, onun təbliği sahəsində mühüm işlər görüb, fərmanlar, sərəncamlar imzalayıb. İlk növbədə, Azərbaycanda kiril əlifbasından latın əlifbasına keçilməsi ilə bağlı sərəncamlar verilib. 2001-ci il avqustun 9-da imzalanan Fərmanla isə avqustun 1-i Azərbaycan Dili və Əlifbası Günü elan olunub.
Ulu Öndərin ideyalarını bütün sahələrdə uğurla davam etdirən layiqli davamçısı, Prezident İlham Əliyev də ana dilimizə böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısı 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamla dünya ədəbiyyatı kitabxanası silsiləsindən 150 cildlik, dünya uşaq ədəbiyyatı kitabxanası silsiləsindən 100 cildlik, Azərbaycan ədəbiyyatı kitabxanası silsiləsindən 100 cildlik nəşrlər, eləcə də Azərbaycan Ensiklopediyası latın qrafikası ilə nəşr edilib. Prezident İlham Əliyev dilimizə hər zaman böyük ehtiramla yanaşıb, onun saflığının qorumasına diqqət yetirib. Dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 70 və 80 illik yubileylərində çıxışı zamanı dilimizin saflığının qorunması məsələsinə toxunub. Bu çıxış böyük əks-səda doğurub, geniş müzakirələrə səbəb olub. Bu, həm də milli kimliyimizin qorunmasına çağırış kimi səslənib. Çünki ana dilimiz milli qan yaddaşımızdır.
- Hazırda media nümayəndələri, o cümlədən redaktor və aparıcılar dilin saflığını nə dərəcədə qoruya bilirlər?
- Azərbaycan dilinin qorunmasında, onun təbliğində nitq mədəniyyəti çox önəmlidir. Təəssüf ki, hələ də media nümayəndələrinin - televiziya, radio aparıcılarının, müxbirlərin, redaktorların nitqində qüsurlara rast gəlinir. Əsas heca vurğusudur. Hər bir dilin öz vurğusu var. Almanlarda vurğu sözün kökünə, italyanlarda sonuncu hecadan əvvəlkinə, fransızlarda Janna d’Ark istisna olmaqla, sözün sonuna düşür. Ruslarda vurğu sərbəstdir. İngilislərdə isə vurğu həm sözün əvvəlinə düşə, həm də sərbəst ola bilir. Azərbaycan dilində olan sözlərdə vurğu, əsasən, sözün sonuna düşür. Bununla yanaşı yalnız, lakin, sabah, dünən, bəzi kimi sözlərdə vurğu sözün əvvəlinə düşür.
Bir də məntiqi vurğu var. Bu, cümlənin vurğusudur. Cümlədə məntiqi vurğu yerində işlənmədikdə, fikir tamaşaçı və ya dinləyiciyə düzgün çatmır. Onlar mətnin məzmununu olduğu kimi qavraya bilmirlər. Bu mənada aparıcıdan həssaslıq tələb edilir ki, cümlənin vurğusunu düzgün bildirsin. Məsələn, “Dünən bizə qonaqlar gəlmişdi” cümləsində 4 variantda məntiqi vurğudan istifadə oluna bilər.
Bundan başqa, orfoqrafik və orfoepik qaydalara əməl etmək lazımdır. Bilirsiniz ki, orfoqrafiya sözlərin düzgün yazılışı, orfoepiya isə deyilişidir. Bəzi sözlər yazıldığı kimi tələffüz olunmur. Məsələn, “sağlıq”, “qonaqlıq” yazılır, “sağlıx”, “qonaqlıx” deyilir. Yaxud “şənbə” yazırıq, “şəmbə” deyirik və s. Bəziləri isə sözləri tələffüz etdikləri kimi yazırlar. Bununla da, orfoqrafiyada xətaya yol verirlər. Bu da savadsızlığa gətirib çıxarır.
Bəzən oxunan mətnin məzmununa diqqət yetirilmir. Şadlıq, kədər, inam, nifrət, qorxu və s. yaradan xəbərlər var. Məsələn, yanğınla bağlı xəbəri çatdıran aparıcının səsində qorxu bilinməlidir. Yaxud “Biz qələbə qazandıq” cümləsi qürurla, pafosla deyilməlidir. Hər hansı itki ilə bağlı xəbər kədərli formada çatdırılmalıdır.
Həmçinin mətndə intonasiya mühüm rol oynayır. Çünki intonasiya melodiyadır, mənadır. İntonasiyanın həm mətni gözəlləşdirməsi, həm də ona xələl gətirməsi mümkündür.
Bəzən aparıcılar yersiz əl-qol hərəkətlərinə yol verirlər, ya da yüksək tonla danışırlar. Bununla da, efirdə sanki canlanma yaratmaq istəyirlər. Amma aparıcı nə qədər sakit və təmkinli danışarsa, tamaşaçı, dinləyici onu bir o qədər rahat qavraya bilər.
Bundan başqa, ədəbi dilin fonetik, leksik və qrammatik normaları var. Artıq fonetik normaları qeyd etdim: orfoqrafiya və orfoepiya. Leksik norma isə sözlərin mənasını bilib, onları yerində işlətməkdən ibarətdir. Misal üçün, “Mən sizə çay töküm” demək düzgün deyil. Bu, “Mən sizə çay süzüm” kimi ifadə olunmalıdır. Yaxud “Mən bu gün dərsə çatmadım” deyil, “Mən bu gün dərsə gecikdim” olmalıdır.
Sözlərin və nitq hissələrinin düzgün düzülüşü isə qrammatik normalara aiddir. Məsələn, “Böyük bacım məktubu çantasında gizlətdi”. Bu, düzgün qurulmuş cümlədir.
Bəzən aparıcılar məişət dilinə yol verirlər, ləhcə ilə danışırlar, dialekt sözlərdən istifadə edirlər. Sözlərdə c, ç, j hərflərindən düzgün istifadə edə bilmirlər. Hətta Azərbaycan sözünü belə düzgün tələffüz etməyənlər var. Bu sözlər düzgün tələffüz olunmalıdır.
Bəzən də aparıcılar özlərini rusdilli kimi göstərmək istəyirlər ki, bu da çox kobud alınır. “Uje”, “koneçno”, “kstati”, “tembole” kimi sözlərdən istifadə edirlər. Halbuki bu sözlərin Azərbaycan dilində çox yaxşı qarşılığı var. Yersiz işlənən sözlər Azərbaycan dilinin yazı ənənəsinə xələl gətirir. Çünki sözü eşitdikləri kimi yazırlar. Bu hal medianın dilinə təsir göstərir, orfoqrafiya qaydaları pozulur.
Onu da deyim ki, aparıcılara baxan uşaqlar da həmin sözləri o cür qavrayırlar. Qüsurlar da belə yayılır. Ona görə də media nümayəndələri bu qüsurlara yol verməməlidirlər. Üzeyir Hacıbəylinin 1909-cu ildə “Tərəqqi” qəzetində dərc olunan “Yeni üsulu təbii” adlı məqaləsi var. Həmin məqalədə yazılır ki, özü yaxşı danışa bilməyən müəllim şagirdinə nə öyrədə bilər? Doğrudan da, orfoqrafiya və orfoepiya qaydalarını bilməyən aparıcı başqasına nə öyrədə bilər? O, hansı nitq mədəniyyəti nümunəsi ola bilər?
- Yeri gəlmişkən, sosial şəbəkələrin Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinə təsirləri barədə fikrinizi bilmək istərdik.
- Başa düşürük ki, indi internet dövrüdür, sosial şəbəkələrdən geniş istifadə olunur. İstənilən məlumatı qısa müddətdə əldə etmək mümkündür. Amma internetin əsiri olmaq da düzgün deyil. Çünki belə halda beyin kütləşir, yorulur və insan tənbəlləşir. Yəni insan artıq hansısa sözü öyrənmək, araşdırmaq, tədqiq etmək istəmir. Rahat yol kimi internetdən istifadə edir, istədiyini oradan götürür. Lakin bir gündən sonra həmin sözü ondan soruşanda nə vurğusunu düzgün deyir, nə də söz yadına düşür. Çünki internet kitab deyil.
- Bəs, dilimizə əcnəbi sözlərin gətirilməsi ilə bağlı fikriniz necədir, bu proses necə tənzimlənməlidir?
- Bəzən əcnəbi sözlərin gündəlik həyatımıza daxil olduğunu deyirik. Bu hal dilin saflığı üçün böyük təhlükə yaradır. İstəyirəm ki, bəzi sözləri misal çəkim. Məsələn, investisiya-sərmayə, adekvat-uyğun gələn, instruksiya-təlimat, kreativ-yaradıcı, populyar-məşhur, alternativ-əvəzedici, prioritet-üstünlük, leksikon-söz ehtiyatı deməkdir. Yaxşı olar ki, bu sözlərin əvvəlində yəni yazılsın ki, həmin xarici kəlmələrin mənası aydın olsun. Misal üçün, “kreativ, yəni yaradıcı” kimi. Bu, həm də həmin sözlərin dildə qalması, itməməsi üçün vacibdir. Əgər hər hansı sözün Azərbaycan dilində qarşılığı varsa, ondan istifadə olunmalıdır.
- Gülşən xanım, bu yaxınlarda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təşkil edilən təlimlər çərçivəsində ustad dərsi keçdiniz, redaktor və aparıcılarla ünsiyyətdə oldunuz. Bununla bağlı təəssüratınızı bildirərdiniz.
- Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təşkil olunan təlimlərdə ustad dərsi keçdim. Azərbaycan Televiziyasında 55 illik fəaliyyətim dövründə diktor və jurnalist kimi qazandığım təcrübəni gənc media nümayəndələri ilə bölüşmək çox xoş oldu. Qədim sənət növü olan nitq mədəniyyəti və ədəbi dilin normaları haqqında təlim iştirakçılarına ətraflı məlumat verdim. Bu onlarda böyük maraq doğurdu, onların suallarını cavablandırdım. Sonda sözlərdə vurğu, yad kəlmələrin yerli-yersiz dilimizə daxil olması ilə bağlı verdiyim suallar geniş müzakirəyə səbəb oldu. Gənclərin təlimdəki fəallığından çox razı qaldım.
- Sonda jurnalistlərə, o cümlədən redaktor və aparıcılara tövsiyəniz nədir, onlar dilin saflığının qorunması üçün daha nələr etməlidirlər?
- Dil məsələsində media işçiləri ilə yanaşı, ziyalıların, məmurların, bir sözlə, hamının üzərinə böyük məsuliyyət düşür. Bu işə uşaqların düzgün tərbiyə olunmasından başlamaq lazımdır. Vaxtilə analarımız körpələrə beşik başında gözəl laylalar deyiblər, bu, məlhəm kimi onların canlarına yayılıb, hafizələrinə həkk olunub. Uşaqlar o ruhda böyüyüblər. İndi uşaqlar Abdulla Şaiqin, Mirzə Ələkbər Sabirin, Teymur Elçinin, Mirvarid Dilbazinin şeirlərini bilməlidirlər. Əgər onlar Azərbaycan nağıllarını, yazıçılarımızın hekayələrini oxusalar, bu, ədəbi dilin inkişafına xidmət etmiş olar.
Təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edən müəllimlərin üzərinə də böyük məsuliyyət düşür. Onlar daim üzərilərində işləməli, ləhcə ilə danışmamalıdırlar.
Media nümayəndələrinə də tövsiyə edirəm ki, internetdən istifadə ilə yanaşı, kitab oxusunlar. Bununla onlar həm məlumatlanar, həm dili inkişaf etdirər, həm də sözün düzgün yazılışını görərlər. Mütaliəsi olmayan şəxsin həm şifahi nitqində, həm də yazısında qüsur olur. Kitab oxuyan şəxs sözləri görür və onları həmin formada yazır. Ümumiyyətlə, kitab insanın dünyagörüşünü artırır, onun zövqünü formalaşdırır, söz ehtiyatını artırır, belə şəxs fikrini müstəqil şəkildə ifadə edə bilir. Mütaliəsi olmayan, bədii ədəbiyyat oxumayan insan kamil ola bilməz. Əgər kimsə Azərbaycan ədəbi dilinə hakim olmaq istəyirsə, bütün bunlara əməl etməli, öz üzərində işləməlidir. Azərbaycan dilinin gözəlliyini, ahəngliyini, saflığını qorumaq ruhumuzu, kimliyimizi qorumaq deməkdir.
Fikrimi Məhəmməd Hüseyn Şəhriyarın sözləri ilə bitirirəm:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu dil əsir olmaz!

