Ceyhun Bayramov pakistanlı həmkarına başsağlığı verdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Nazir Ceyhun Bayramov İslamabadda məsciddə baş vermiş terror hadisəsini qınayıb, həlak olanların ailələrinə, Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı diləklərini çatdırıb. Ölkəmizin terrorla mübarizə səylərində daim Pakistanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Pakistan arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri, iki ölkə arasında əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Xatırladaq ki, ötən gün də Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məsciddə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

