Qaradağda 66 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, idarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı da narkotiklərin paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, həmyaşıdı Nazir Tağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən isə Bakı şəhərinə müxtəlif ünvanlara yerləşdirmək məqsədilə gətirdikləri 20 kiloqram 250 qram marixuana aşkarlanıb.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı 66 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.