Azərbaycan və Moldova XİN rəhbərlərinin görüşü keçirilib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsini, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, eləcə də Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər.
XİN başçıları, həmçinin Yaxın Şərqdə dəyişkən və gərgin təhlükəsizlik vəziyyətinə də toxunublar.
Ceyhun Bayramov martın 5-də İrandan Naxçıvana qarşı həyata keçirilən dron hücumları ilə bağlı ciddi narahatlıq ifadə edib. Qeyd edilib ki, bu hücumlar nəticəsində hava limanı və məktəb də daxil olmaqla mülki infrastruktur zədələnib, mülki şəxslər yaralanıb.
Nazir Bayramov, həmçinin moldovalı həmkarını Azərbaycan və Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.

