Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  bildirilib ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib, 16 222 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.

Sərnişinlərin 57 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.