Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib
Rusiya Prezidenti Vladimir Putin ölkə regionlarının iqtisadi inkişafını stimullaşdırmaq məqsədilə iri şirkətlərin ofislərinin Moskvadan regionlara köçürülməsi prosesinin fəallaşdırılmasını zəruri hesab edir.
O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, bu addımlar Rusiyanın regionlarında yeni inkişaf nöqtələrinin yaranmasına, regional büdcələrin gəlir hissəsinin möhkəmlənməsinə və əlavə iş yerlərinin açılmasına imkan verəcək.
“Şirkətlərin iş yerinin dəyişdirilməsi ilə bağlı bütün çətinlikləri anlayıram. Lakin bu istiqamətdə səyləri artırmaq lazımdır”, – deyə Rusiya Prezidenti qeyd edib.
O, həmçinin bildirib ki, bir sıra iri şirkətlərin ofislərinin Moskvadan regionlara köçürülməsi üzərində iş aparılır. Onların arasında “Rusiya Dəmir Yolları” ASC də var.
V.Putinin fikrincə, belə yanaşma paytaxtın yükünün azalmasına da kömək edəcək.
Azərtac

