Şirvan düzənliyində ekosistemlərin müasir vəziyyəti araşdırılıb

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Geobotanika laboratoriyasının əməkdaşları tərəfindən Şirvan düzənliyinin müxtəlif ərazilərində tədqiqatlar aparılıb.

İnstitutdan  bildirilib ki, tədqiqatın məqsədi Şirvan düzənliyinin bitki örtüyünün müasir vəziyyətini qiymətləndirmək, deqradasiya və səhralaşma proseslərinin intensivliyini müəyyən etmək, bu proseslərə təsir göstərən təbii və antropogen amilləri araşdırmaq olub.Tədqiqatlar Yevlax, Ucar, Ağdaş, Göyçay və Şirvan rayonlarının ərazilərini əhatə edib. Çöl tədqiqatları zamanı mövsümi bitki növləri qeydə alınıb, dominant və edifikator növlər müəyyənləşdirilib, bitki örtüyündə baş verən suksessiya prosesləri araşdırılıb. Həmçinin nadir, relikt və invaziv növlərin yayılma vəziyyəti öyrənilib, geobotaniki təsvirlər aparılıb və müşahidə nöqtələrinin GPS koordinatları qeydə alınıb.

Şirvan düzənliyində yarımsəhra, səhra, tuqay meşələri və su-bataqlıq ekosistemlərinin geniş yayıldığı müəyyən edilib. Müşahidələr göstərir ki, son illər bəzi ərazilərdə bitki örtüyünün transformasiyası prosesi sürətlənib. Belə ki, ağacvari şoran fitosenozlarının bir hissəsi ətirli yovşan (Artemisia fragrans) fitosenozları ilə əvəz olunur, eyni zamanda, yulğun (Tamarix ramosissima), qaraşoran (Halocnemum strobilaceum) və digər halofit növlərin yayıldığı sahələr genişlənir. Şirvan düzənliyində 9 yarımsəhra və 14 səhra bitki birləşməsi qeydə alınıb. Tədqiqatlar göstərir ki, bölgənin bitki örtüyündə yovşanlı, şoranlı və yulğunlu fitosenozlar üstünlük təşkil edir. Həmçinin 2026-cı ilin yaz mövsümündə havaların normadan isti keçməsi nəticəsində efemer bitkilərin vegetasiya müddətinin qısaldığı müşahidə olunub.

Floristik araşdırmalar nəticəsində Göyçay, Ağdaş, Yevlax, Mingəçevir və Ucar rayonları üzrə 35 fəsilə və 87 cinsə aid 104 bitki növü qeydə alınıb. Eyni zamanda, bölgədə yayılan 11 relikt ağac və kol növü müəyyənləşdirilib və qeydiyyata alınıb. Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş nar (Punica granatum), əncir (Ficus carica), Şərq çinarı (Platanus orientalis), yabanı üzüm (Vitis vinifera subsp. sylvestris) və Pastuxov sarmaşığı (Hedera pastuchovii) kimi nadir növlərin mövcud vəziyyəti monitorinq olunub. Bundan əlavə, ərazidə 8 invaziv bitki növünün yayıldığı qeydə alınıb.

Ekspedisiyanın mühüm nəticələrindən biri kimi Kür çayı sahilində ilk dəfə püstə-nar (Pistacia atlantica-Punica granatum) növlərinin üstünlük təşkil etdiyi nadir bitki assosiasiyası müəyyən edilib. Həmçinin Consolida regalis növünün yeni yayılma arealı aşkar olunub. Aparılan tədqiqatlar nəticəsində Şirvan düzənliyinin səhra, yarımsəhra, tuqay meşə və su-bataqlıq ekosistemləri üzrə geniş elmi materiallar toplanılıb, bitki assosiasiyalarının yayılma xüsusiyyətləri müəyyənləşdirilib və ekosistemlərdə baş verən dinamik dəyişikliklər sənədləşdirilib.

İnstitutun əməkdaşları tərəfindən bu tədqiqat çərçivəsində Lənkəran rayonunun dənizkənarı ərazilərində də əlavə monitorinqlər aparılıb. Tədqiqatlar zamanı invaziv növlərdən Artemisia verlotiorum və Asphodeline tenuifolia, nadir növlərdən isə Quercus castaneifolia, Iris pseudacorus və Punica granatum növlərinin müasir vəziyyəti öyrənilib, onların yayılma xüsusiyyətləri və populyasiya vəziyyəti qiymətləndirilib.