Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib

Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə iyulun 9-da Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, rəsmi qəbulda Xarici İşlər Nazirliyi və bir sıra dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələri, Milli Məclisin deputatları, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

Diplomatik xidmət orqanları əməkdaşlarının ölkəmizin praqmatik xarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızın beynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında rolu vurğulanıb.

Çıxışlarda əldə edilmiş əsas xarici siyasət nailiyyətlərindən bəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləri qeyd edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttinin reallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

Rəsmi qəbul konsert proqramı ilə davam edib.