ABŞ-da kütləvi qətllərə görə ölüm cəzası tətbiq edilə bilər

ABŞ-da kütləvi qətllər törədən şəxslərə qarşı ölüm cəzası tətbiq edilə bilər.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

D. Tramp ölkənin Ədliyyə Nazirliyinə kütləvi qətllərə görə ölüm cəzasının tətbiq edilməsi ilə bağlı tədbirlərin görülməsinə dair təlimat verib. 

 
“Bu gün mən Ədliyyə Nazirliyinə müraciət etdim ki, nifrət zəminində cinayət və kütləvi atışmalar törədən şəxslər ölüm cəzasına məhkum edilsin. Bu cəza tez və ləngimədən həyata keçirilsin”, - ABŞ Prezidenti bildirib. 

Qeyd edək ki, avqustun 3-də 21 yaşlı şəxs ABŞ-ın Texas ştatının El Paso şəhərində supermarketdə insanlara atəş açıb. Nəticədə 20 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Avqustun 4-də isə 24 yaşlı şəxs Ohayo ştatının Deyton şəhərində gecə klubunda atışma törədib. Nəticədə 10 nəfər həyatını itirib. Deyton şəhərindəki atışma ABŞ-da bu il ərzində baş verən 251-ci kütləvi atışma olub.